Qaradağ rayonunda “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirildi
14 iyul 2023-cü il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı yanında Şura üzvləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışdı. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq Ümummilli Liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev öz çıxışında bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyaları dayandığından və ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara imza atacağından danışdı.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov öz çıxışında Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərindən və liderlik xüsusiyyətlərini qeyd edərək, həmin dövrün Azərbaycanda intibah dövrü olduğunu bildirdi. Çıxışının yekununda Heydər Əliyevi tək Azərbaycan Respublikasının deyil, eyni zamanda bütün dünya azərbaycanlılarının lideri kimi xarakterizə etdi.
Tədbirdə çıxış edən Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və 106 nömrəli tam orta məktəbin tarix müəllimi Mehman Əhmədov Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdilər. Qeyd etdilər ki, bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Onun yürütdüyü müstəqil siyasət nəticəsində tolerantlıq, sabitlik nümunəsinə çevrilən Azərbaycan daha da çiçəklənməkdədir.
Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbiri yekunlaşdıraraq, bir daha 1969-cu il 14 iyul tarixini millətimizin və xalqımızın dönüş, qayıdış tarixi kimi səciyyələndirdi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi olduğunu, bütün dövrlərdə gücünü, dərin zəkasını millətinin, xalqının yolunda sərf edən Ulu Öndər Heydər Əliyevin daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını qeyd etdi və hörmətli Prezidentimiz cənab İlham Əliyevin sayəsində Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan etibarlı şəkildə qorunur və inkişaf etdirilir.