Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun dəstəklənməsi istiqamətində maarifləndirmə tədbiri keçirilib

03 iyul 2026 | 11:56

   Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində penitensiar xidmətin keyfiyyətinin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.3-cü bəndində nəzərdə tutulmuş “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin edilməsinə dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” tapşırığının icrası məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən maarifləndirici tədbir keçirilmişdir.
  Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və nümayəndələri, aidiyyəti dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, eləcə də bu sahədə fəaliyyət göstərən məsul şəxslər iştirak etmişlər. 
  Çıxışlarda bildirilib ki, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə uğurlu reinteqrasiyası yalnız onların hüquqlarının qorunması ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, onların daimi məşğulluğunun təmin edilməsi, peşə bacarıqlarının artırılması, sosial mühitə uyğunlaşması və dövlət tərəfindən yaradılmış imkanlardan səmərəli istifadə etmələrinin təşviqini əhatə edir. 
   İştirakçılara aktiv məşğulluq proqramları, peşə hazırlığı və yenidən ixtisaslaşma kursları, özünüməşğulluq proqramları, əmək bazarında mövcud imkanlar və dövlət məşğulluq xidmətlərinin fəaliyyəti barədə ətraflı məlumat verilmiş, bu istiqamətdə yerli icra strukturlarının üzərinə düşən vəzifələr geniş izah olunmuşdur. 
  Qeyd edilmişdir ki, Qaradağ rayonunun qəsəbələri üzrə nümayəndəliklər tərəfindən ərazilərdə vəziyyət daim diqqətdə saxlanılır, ehtiyac yarandıqda cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər barədə aidiyyəti dövlət qurumlarına məlumat verilir, onların məşğulluq imkanlarından istifadə etmələri, peşə hazırlığı proqramlarına cəlb olunmaları və sosial adaptasiya prosesində dəstəklənmələri istiqamətində zəruri əlaqələndirmə işləri həyata keçirilir. 
   Vurğulanmışdır ki, bu sahədə müsbət nəticələrin əldə olunması dövlət qurumları, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin qarşılıqlı əməkdaşlığından, hər bir qurumun üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsindən asılıdır.
   Sonda tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılmış, təkliflər dinlənilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində maarifləndirmə tədbirlərinin gələcəkdə də davam etdiriləcəyi bildirilib. Qeyd edək ki, bu maarifləndirmmə  tədbirləri qəsəbələrdə də keçiriləcəkdir.

 

Keçidlər