Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda akademik Zərifə xanım Əliyevanın 103 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi.

27 aprel 2026 | 17:22

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını ifadə etmiş, daha sonra foyedə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış olmuşlar. Sərgi fonunda səslənən lirik musiqi, tar ifası və Zərifə xanıma həsr olunmuş şeir tədbirə xüsusi mənəvi ovqat bəxş etmişdir.

Rəsmi hissə Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndərin, akademik Zərifə xanım Əliyevanın və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov çıxışında akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən, insanlara qayğı və ziyalılıq nümunəsi olan həyat yolundan bəhs etmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxışında Zərifə xanım Əliyevanın Azərbaycan qadınının müdriklik, mərhəmət və elmə sədaqət obrazını təcəssüm etdirdiyini qeyd etmiş, onun irsinin gənclər üçün örnək olduğunu vurğulamışdır.

Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında akademik Zərifə Əliyevanın elmi fəaliyyəti, insanpərvərlik fəlsəfəsi və cəmiyyət üçün yaratdığı mənəvi məktəbdən bəhs etmiş, bu irsin bu gün də aktuallığını qoruduğunu bildirmişdir.

YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov akademik Zərifə xanım Əliyevanın ziyalılıq və vətənə xidmət nümunəsinin hər zaman dərin ehtiramla yad olunduğunu qeyd etmişdir.

9 saylı musiqi məktəbinin müəllimi Rövşən Tağıyev və tələbələrinin təqdim etdiyi musiqi nömrələri, “Ana” mahnısı və Zərifə xanıma həsr olunmuş şeir tədbirə xüsusi emosional çalar qatmışdır.

Çıxışlarda akademik Zərifə xanım Əliyevanın elmi irsinin, nəcib şəxsiyyətinin və mənəvi dəyərlərinin xalqımız üçün örnək olduğu vurğulanmışdır.

Tədbirin sonunda Emil Abbasov yekun nitqi ilə çıxış edərək qonaqlara təşəkkürünü bildirmiş, akademik Zərifə xanım Əliyevanın irsinin yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu qeyd etmişdir.

 

Keçidlər