Qaradağ rayonunda 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirildi
Xalqımızın tarixində çox əlamətdar bir gün olan “8 noyabr Zəfər Günü”nün qeyd edilməsi münasibəti ilə Lökbatan qəsəbəsi Əli Əmirov adına Mədəniyyət Sarayında “Zəfər günün mübarək Azərbaycan” adlı bayram tədbiri keçirildi.
Foyedə rayonda fəaliyyət göstərən uşaq bağçalarının, məktəblərin, 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirildi.
Konsertdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak edirdilər.
Tədbir Azərbaycan dövlət himni ilə başladı.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov çıxış edərək, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirdi. Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini qeyd etdi.
Konsertdə rayon ərazisində yerləşən Lökbatan Mədəniyyət Sarayının solisti və rəqqasları, 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin, Müşfiqabad Mədəniyyət Evinin, 9 nömrəli musiqi məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda mahnılar oxudular. Məktəblilər vətənimizə, Müzəffər ordumuza həsr edilmiş şerlər söylədilər.