Qaradağ rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi
29 dekabr 2024-cü il tarixində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə “Cadenza” restoranında bayram tədbiri keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərən şəxslər iştirak etdi.
Əvvəlcə şəhidlərin, 25 dekabr tarixində təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirakçıları və onların simasında Qaradağ rayonunun bütün sakinlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi. 2024-cü ilin ölkəmiz üçün əhəmiyyətli və yaddaqalan olduğunu bildirdi. Qeyd etdi ki, 7 fevral tarixində xalqımız böyük etimad göstərərək cənab İlham Əliyevi Prezident seçmişdir. Cənab Prezidentin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” kimi tarixə düşmüşdür. Belə ki, ölkəmizin bütün ərazisində ekoloji mühit qorunmuş, yaşıllıqların sayı artmış, minlərlə ağac əkilmişdir. Bu da vətəndaşlarımızın sağlamlığına xidmət etmişdir. Noyabr ayında isə COP29 beynəlxalq tədbirinə ev sahibliyi etməyimiz respublikamızın və xalqımızın dünyada siyasi çəkisini daha da artırmışdır.
Çıxışını davam etdirərək ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirdi. Regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksələn templə davam etdiyinə diqqət yetirdi. Rayonumuzda yenidən qurulan yollar, qəsəbələrin abadlaşdırılması hər bir sakinimizin rahat yaşaması üçün görülən işlərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olundu. Əminik ki, 2025-ci il xalqımız və dövlətimiz üçün daha da uğurlu il olacaqdır.
Təltiflərlə əlaqədar nəzərə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2024-cü il tarixli Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Şamama Kamil qızı Ağamuradova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Başçı medal və vəsiqəni Şamama Ağamuradovaya təqdim etdi.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən 58 nəfərə fəxri fərman və dəyərli hədiyyələr təqdim edildi.
Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi. 2025-ci ilin Azərbaycan xalqı üçün daha da düşərli olacağını qeyd etdi.
Çıxışlar və təltiflər bitdikdən sonra Qaradağ rayonu 28 nömrəli musiqi məktəbinin hazırladığı rəngarəng həzin melodiyalar təqdim olundu.
Bununla da tədbir yekunlaşdı.