Qaradağ rayonunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Aksiya Qaradağ rayonunda, Salyan şosesi boyunca təşkil olunub. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak edib.
Aksiya zamanı Salyan şosesi boyunca 500 ağac əkilib. Ağacların əkilməsi ilə yanaşı, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ətrafın səliqə-sahmanına diqqət yetirilib.
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmancasına döyüşərək canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramını ifadə etdiyi mühüm tarixlərdən biridir. Bu əlamətdar gün 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həyatını fəda etmiş qəhrəman oğul və qızlarımızın xatirəsinin daim yaşadılmasına xidmət edir.
Ağacəkmə aksiyasının məhz Anım Gününə həsr olunması xüsusi rəmzi məna daşıyır. Əkilən hər bir ağac həyatın, gələcəyin və ümidin rəmzi olmaqla yanaşı, şəhidlərimizin əziz xatirəsinin gələcək nəsillərə çatdırılmasına yönəlmiş mənəvi dəyərləri özündə əks etdirir.
Keçirilən aksiya həmçinin paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıllıq ərazilərinin artırılması və ətraf mühitin qorunmasına ictimai diqqətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Belə təşəbbüslər şəhər mühitinin daha sağlam və əlverişli olmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və gələcək nəsillər üçün daha gözəl və sağlam ətraf mühitin formalaşdırılmasına mühüm töhfə verir.






