Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirildi

11 dekabr 2024 | 19:24

   11 dekabr 2024-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirildi.

   Tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.

   Yığıncaqda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət vəkili Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, AMEA Fəlsəfə İnstitunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və rayon ictimaiyyəti iştirak edirdi.

   Dəyirmi masada Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısa videoçarx nümayiş olundu.

   Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq”, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikirlərini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı. 2020-ci ildə ata vəsiyyətini həyata keçirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 gündə Qarabağı düşmən tapdağından azad etməsinin ulu öndərin təməlini qoyduğu strategiyanın təntənəsi adlandırdı.

   AMEA Fəlsəfə İnstitunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov Heydər Əliyevin keçdiyi böyük və şanlı tarixi yolundan ətraflı danışdı. Həm birinci hakimiyyəti dövründə, həm də ikinci dəfə hakimiyyətə gəldiyi vaxt Azərbaycan xalqına bəxş etdiyi zəngin zəhmətinin bəhrələrindən tədbir iştirakçılarına məlumat verdi. Qeyd etdi ki, məhz Heydər Əliyevin sayəsində demokratik və hüquqi cəmiyyət qurulmuş, yeni konstitusiya qəbul edilmişdir.

   Millət vəkili Səbinə Xasayeva Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açaraq, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi. Bildirdi ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur.

   YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Heydər Əliyevin ən böyük xidmətlərindən birini YAP-ın yaradılması olduğunu da geniş şərh etdi. Qeyd etdi ki, bu gün ölkəmiz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilmişdir.

   Sonda rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirərək, yığıncağı yekunlaşdırdı.

Keçidlər