Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilmişdir.

25 fevral 2026 | 17:20

   25.02.2026-cı il tarixində Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilmişdir.

   Keçirilmiş tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən, başçının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyətinin başçısı aparatının sektor müdirləri, YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Samir Qurbanov, Xocalı sakinləri iştirak etdilər.

   Görüşü Qaradağ Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən, başçının birinci müavini Emil Abbasov giriş nitqi ilə açaraq qeyd etdi ki, 1988-ci ildən başlamış Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən, dəhşətli və qəddar faciələrdən biri Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Onların məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar qəhrəmanlıq göstərmiş, erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşmuş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Yalnız Heydər Əliyevin sayəsində Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini aldı. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Prezidentimiz bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna işlər görmüşdür. 

  2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan qələbə və 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı ilə suverenliyin tam bərpası onu deməyə əsas verir ki, xocalılıların və bütün şəhidlərin qanı yerdə qalmadı. Onların qisası alınmış və artıq Xocalıya dönüş başlanılmışdır.

   Daha sonra Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu və bu faciənin heç vaxt unudulmayacağını qeyd etdi. O vurğuladı ki, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl işlər görülməkdədir.

   Tədbirdə bir neçə şəhid ailəsi çıxış edərək onlara göstərilən diqqət, qayğıya və yaradılan şəraitə görə ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər