Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu 100 ildə, müasir inkişafın reallıqları

08 may 2023 | 12:08

QARADAĞ  RAYONU  100 İLDƏ

     Müasir inkişafın reallıqları

 Bu günlərdə bütün Azərbaycan xalqı kimi, qaradağlılar da müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı  Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük coşqu və sevinclə qeyd edirlər. Bu, Azərbaycan xalqının Ulu Öndərə olan milyonlarla insanın qəlbindəki sonsuz sevginin parlaq ifadəsidir. Bu əlamətdar gün Azərbaycan dövlətinə və xalqına əsl xidmətin nə demək olduğunu bir daha dərk etməyə imkan verən tarixi bir hadisədir. Bu gün də xalqımızın taleyində və tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla xatırlanır.

Prezident cənab İlham Əliyevin  2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır. 2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd edilməsi  Ümummilli liderimizin əziz xatirəsini  böyük coşğu ilə yad etmək və əbədiləşdirmək istiqamətində həyata keçirilən  ən mühüm tədbirlərdən biridir.

Bu gün eyni zamanda Bakı şəhəri Qaradağ rayonunun inzibati rayon kimi yaradılmasından 100 il ötür. Qaradağ  artıq müasir, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl rayondur.

Qaradağ rayonu Puta-Şubanı neft mədən sahələrinin kəşfindən sonra formalaşıb. Rayonun əsası 7 may 1923-cü ildə qoyulub. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır.

Qaradağ rayonunun inzibati ərazi vahidliyinə daxil olan bütün qəsəbələrin hər birinin yaranışı məhz onun ərazilərindəki zəngin təbii sərvətlərlə birbaşa bağlıdır. Belə ki, Azərbaycanın quru ərazilərindəki zəngin neft və qaz yataqları, qırmızı sement, qum, kərpic və mişar daşları yataqları, Bakını ölkənin digər regionları ilə birləşdirən avtomobil və dəmir yolları şəbəkəsi məhz bu rayonun ərazisində cəmləşib. XX əsrin əvvəllərində Qaradağ rayonunda yerləşən Şubanı yatağından ilk dəfə sənaye üsulu ilə neft çıxarılmağa başlanıb. Bununla yanaşı, rayonun Puta, Korgöz, Lökbatan, Qızıl-Təpə, Quşxana, Şonqar, Pirsaat və digər sahələrdə də neft-qaz hasil edilib.

         Rayonun Qobustan qəsəbəsində yerləşən və Azərbaycanın ən qədim və zəngin tarixi abidələrindən biri olan Qobustan Milli Tarixi Bədii Qoruğu tariximizin qədimiliyindən xəbər verir. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünün və Azərbaycan xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və s. vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar. Eramızdan əvvəl II minillikdə - “Daş dövründə” məskunlaşan qədim insanların qayaüstü rəsmlərini əks etdirən dünya əhəmiyyətli Qobustan Milli Tarixi Bədii Qoruğu 02 iyul 2007-ci ildən UNESCO tərəfindən Ümumdünya İrsi elan edilmişdir.

Eyni zamanda Rayonun Səngəçal və Çeyildağ qəsəbələri arasında kiçik dağlarla əhatələnmiş ərazidə yerləşən Sofi Həmid türbəsi XVIII əsrdə tikilib. El arasında öz sufi həyat tərzi ilə böyük mərifət sahibi kimi şöhrət tapmış Həmid bütün varlığı ilə sufizmin təbliğçilərindən olub. İnanca görə, dizləri üstə çökən «ağ dəvə» ilə yer arasında yaranmış çox qısa məsafəni keçə bilən insan öz arzusuna çatır. Sofi Həmid pirini məşhurlaşdıran əlamətlərdən biri də ətrafdakı qəbirstanlıqda olan əlvan boyalı məzar daşlarıdır. Dünyada bəlkə də oxşarı olmayan bu məzar daşları öz forma, naxış və rənglərinə görə «sirr dağarcığı» timsalındadır. Sofi Həmid Türbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

Ötən 100 ildə Qaradağ rayonu çox sürətli inkişaf yolu keçmişdir. Rayonumuzuzun sosial-iqtisadi inkişafının zirvəsi məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə və müstəqillik illərinə təsadüf edir.

Ulu Öndər Respublikamızın hər bir bölgəsində səfərdə olduğu kimi 6 dəfə - 1969, 1981, 1984, 1999-cu ildə 2 dəfə və 2000-ci illərdə Qaradağ rayonunda olmuşdur.

Onun hər bir gəlişi rayonun sosial – iqtisadi və mədəni həyatındə müsbət dəyişikliklər yaratmış və rayon əhalisinin ona olan sevgisini daha da artırmışdır. Qaradağ rayonunun həyatında da yeni dövr Ulu öndər Heydər Əliyevin neft strategiyası ilə təməli qoyulan iqtisadi yüksəlişlə başlandı. Bu tarixdən Qaradağın payına düşən əlamətdar günlər var.

Onun 1999-cu il iyunun 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində dediyi məşhur “Qaradağ rayonunun Azərbaycanın xəritəsində, iqtisadiyyatında özünəməxsus yeri vardır. Burada böyük sənaye müəssisələri yerləşir. Qaradağ rayonu Azərbaycanın bu keçid dövründə problemlərin həll olunmasında çox səylər qoyur və mən bəyan etmək istəyirəm ki, Bakı şəhərinin başqa rayonları ilə müqayisədə buradakı işlər bizim üçün daha da qiymətlidir. Əminəm ki, Qaradağ rayonu bundan sonra Azərbaycanın iqtisadiyyatında daha da böyük rol oynayacaq”  kəlamı bu gün də rayon sakinləri üçün qürur mənbəyidir.

Ötən  illərdə Qaradağ rayonuna 48 dəfə səfər edən cənab Prezident İlham Əliyev rayonun sosial-iqtisadi inkişafı ilə bağlı onlarla Sərəncam imzalamış, bir çox təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Mühüm əhəmiyyətə malik olan bu tarixi səfərlər ölkəmizin, eləcə də  Qaradağ rayonunun inkişafında davamlı ənənələrin, dayanıqlı inkişafın, irəliləyişin və müasirləşmənin yeni bir səviyyəsini nümayiş etdirməklə yanaşı, regionda uğurla həyata keçirilən böyük layihələrin, yeniləşmələrin əhəmiyyətli nəticələrinin beynəlxalq aləmdə də diqqət mərkəzinə çəkilməsinə geniş imkan yaratmışdır.

Rayonda iqtisadi sahənin inkişafı daima diqqətdə saxlanılmış, daxili imkanlardan səmərəli istifadə olunmuş, iqtisadi sahələrdə yeni nailiyyətin qazanılması təmin edilmişdir. Təkcə 2022-ci ildə qazanılan uğurlar bundan əvvəlki dövrlərin göstəriciləri ilə müqayisədə artmışdır.

Yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxsahəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sosial layihələrin uğurla həyata keçirilməsinə səbəb olmuşdur. 2022-ci ildə sənaye məhsulun həcmi 1 milyard 317 milyon manata yaxın olmuşdur. Ümumi daxili məhsulun 50 faizdən çoxu istehsalın payına düşmüşdür ki, bu da davamlı və tarazlı inkişafın əsas göstəricisidir.

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi vəəlverişli biznes mühitinin yaradılması sahəsində həyata keçirilən tədbirlər də Qaradağ rayonunda istehsal potensialının güclənməsinə, iqtisadiyyatın çoxsahəli inkişafına səbəb olmuşdur. Azərbaycan Respublikasının  regionlarının  və “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası infrastrukturun yenilənməsinə, əhalinin işgüzarlıq fəaliyyyətinin artırılmasına müsbət təsir göstərmiş, biznes mühiti üçün imkanlar yaxşılaşdırılmış, sahibkarlıq subyektlərinin sayı artmışdır.

Sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına məşğulluq səviyyəsi artmış, yeni iş yerləri açılmışdır. İl ərzində rayon üzrə 1780 yeni iş yeri yaradılmışdır ki, bunun da 780 daimi iş yerləridir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin neft strategiyasının reallaşmasında Bakının Qaradağ rayonunun da müstəsna rolu var. Təsadüfi deyil ki, Azərbaycan Dövlət Neft Şirkətinin 2 nəhəng, o cümlədən Əmir Əmirov adına və Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin mədənləri, həmçinin ölkənin yeganə yeraltı qaz anbarları olan “Qaradağ” və “Qalmaz” qaz anbarları da məhz Qaradağ rayonu ərazisindədir. Qaradağ rayonunda böyük neft-qaz yataqları ilə yanaşı eyni zamanda  müxtəlif təyinatlı tikinti materialları istehsal edən  digər  zavod və müəsisələr də fəaliyyət göstərir. Qaradağ daş karxanaları ölkəni tikinti-mişar daşları ilə təmin edir.  

Ələt qəsəbəsində  yerləşən  Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Avropa ilə Asiyanı birləşdirən nəhəng Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi Tarixi İpək Yolunun yenidən bərpasına zəmin yaradıb.   

Qaradağ rayonunun iqtisadi xəritəsində önəmli yer tutan digər mühüm sənaye obyekti Sənqəçal terminalıdır. Onu haqlı olaraq Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edirlər. Cənub Qaz Dəhlizi layihəsi üzrə Xəzərin Azərbaycan sektorunda  hasil edilən təbii qaz Avropanın enerji xəritəsini yenidən tərtib etməkdədir. 

Avropa tələblərinə uyğun “CE” keyfiyyət nişanlı -“Holcim- Azərbaycan” Sement  zavodu və Cənubi Qafqazda ən böyük olan “NORM”-sement zavodu Azərbaycan iqtisadiyyatının daha da qüdrətlənməsinə töhfəsini verməkdədir.

Qafqaz ölkələrində analoqu olmayan 3 nəhəng - “Sədərək”, “Binə”, “Meyvəli” Ticarət Mərkəzinin fəaliyyəti  yerli və  xarici ölkələrdən gələn insanların  ucuz qiymətlərlə alış-veriş etməsinə əlverişli şərait yaratmaqla rayonun ümumi əmtəə dövriyyəsinə müsbət təsir göstərməkdədir.                    

Xəzər dənizi hövzəsində yaradılmaqda olan Ələt Azad Ticarət Zonasında əlavə dəyər yaradan istehsal və xidmətlərin, o cümlədən nəqliyyat, logistika, informasiya kommunikasiya texnologiyası, neft-kimya, əczaçılıq, kənd təsərrüfatı və sair sahələrinin qurulması davam etdirilir.Ümumilikdə, Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı çoxşaxəli bazarlara xidmət göstərməsi planlaşdırılır.                  

Təbii ki, Qaradağ rayonu təkcə neft hasilatı və sement zavodları ilə deyil, ölkə üçün məhsul istehsal edən digər mühüm sənaye müəssisələri ilə də tanınır. “Azfen”, “Tekfen” şirkətləri, SOCAR Metanol, Yeni Ağdağ gips  zavodu, Metal Konstruksiyalar zavodu, Mərmər Qranit zavodu, Maşınqayırma zavodu, Şüşə istehsalı zavodu, Kərpic zavodu, Müasir Gips zavodu, Ağırlaşdırıcılar Zavodu, Neft Kəmərləri İdarəsi, Xüsusi Texnikaların Təmir Zavodu, Kosmetik vasitələrinin istehsalı zavodu, Səngəçal Modul Tipli Elektrik Stansiyası, Tikinti materialları istehsalı zavodu, Ələt Vaqon Refrijerator  Deposu,  Şpal və Qalvanizə zavodları, Metal əritmə zavodu, Askorp MMC, Xəzar-boru boru prokat zavodu və onlarla sənaye və emal müəssisələri Azərbaycanın sənaye sektorunun inkişafına layiqli töhfə verirlər. 

Azərbayan Respublikasının birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev fondunun həyata keçirdiyi bütün layihələr milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğaşaraq olduqca rəngarəng və maraqlı forma almışdır. Fond xeyriyyəçilikdən tutmuş, təhsil, səhiyyə, mədəniyyət, beynəlxalq imicin formalaşdırılmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. Əlbəttə bütün bu uğurları şərtləndirən  şəxsiyyət amilidir. Bu mənada Mehriban xanım Əliyeva kimi kübar ziyalının, Azərbaycan qadınının ən parlaq cizgilərini xarakterində cəmləyən nəcib xanımın bu quruma rəhbərlik etməsidir. Məmnunluq hissi ilə qeyd olunmalıdır ki, son illər ərzində Heydər Əliyev Fondu tərəfindən rayon ərazisində onlarla məktəb, körpələr evi-uşaq bağçası, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir.

Qaradagda gənclərin, yeni nəslin vətənpərvərlik tərbiyəsinə həmişə həssaslıqla yanaşılmışdır. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı və 44 gündən sonra tarixi Zəfərlə başa çatan Vətən müharibəsi zamanı rayon əhalisi böyük həmrəylik və vətəndaş məsuliyyəti nümayiş etdirib. Bunun ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən səsləndirilməsinin rayonda vətənpərvərlik coşqusunun daha da güclənməsinə, insanların daim səfərbərlik ruhunda saxlanmasına səbəb oldu.                      Belə ki, ikinci Qarabağ müharibəsinin ilk günlərindən öz vətənpərvərlikləri ilə həmişə öndə olan qaradağlı gənclər də Vətənin səsinə səs verərək könüllü surətdə torpaqlarımızın azad oluması uğrunda gedən müharibəyə yollanıb döyüş meydanında böyük qəhrəmanlıqlar göstərdilər. İşğal altında olan torpaqlarımızın düşmən tapdağından qurtarılması uğrunda gedən qanlı döyüşlərdə rayonumuzun 31 qəhrəman oğlu igidlik nümayiş etdirərək Şəhidlik zirvəsinə yüksəldi, yüzlərlə gənc isə öz sağlamlıqlarını itirdi. Bununla da Vətən müharibəsində iştirak edən qaradağlılar çox şərəfli döyüş yolu keçdilər.

 Qaradağlılar cənab Prezidentin, həmçinin Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın qayğısını həmişə hiss etmişlər və böyük minnətdarlıq hissi ilə bunu yüksək dəyərləndirirlər.   

Bu gün Qaradağ rayonu günü-gündən gözəlləşir, tərəqqiyə qovuşur. Rayonda ardıcıl olaraq yeni-yeni layihələr icra olunur. Geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir. Əhalinin güzaranı durmadan yaxşılaşır. Qaradağ rayonu Azərbaycanın ən iri sənaye mərkəzlərindən birinə çevrilib. Qaradağlılar cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun Azərbaycanı xoşbəxt gələcəyə aparan yeganə yol kimi görürlər və həmişə bu siyasətə sadiqdirlər.

 

 

Abbasaga  Babayev

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı,

dövlət qulluğunun müşaviri

Keçidlər