Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon təhsil işçiləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirdi

29 dekabr 2024 | 12:04

   Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində rayonun şəhid ailələrinin təhsil müəssisələrində oxuyan övladları ilə görüş keçirdi. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov iştirak edirdi. İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüldü.

   Tədbirdə çıxış edənlər mövcud şəraitdə xalqın oyanışı və birliyinin yaranmasının əsas cəhətlərini qeyd etdilər. Məlumdur ki, 1988-ci ildən dağılmağa doğru gedən keçmiş SSRİ məkanında özbaşınalıq və hərc-mərclik hökm sürməyə başlamışdır. 1989-cu ildə Naxçıvan MR ərazisi ilə İran ərazisində olan sərhəd məftilləri əhali tərəfindən dağıdılmış və insanlar öz doğma qardaş-bacıları ilə görüşmək arzusunda olmuşlar. Bu hadisələrin davamı olaraq Ulu Öndər Heydər Əliyev 16 dekabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin sessiyasında 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qəbul edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin vaxtdan azərbaycanlılar 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi bayram edir.

   Eyni zamanda tədbirin davamında 7 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri vətənə aid şeirlərlə çıxış etdilər.

  Sonda, rayon təhsil müəssisələrində oxuyan şəhid övladlarına Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən göndərilmiş  hədiyyələr təqdim edildi. Valideynlər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Keçidlər