Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin inzibati binasında 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi

18 yanvar 2025 | 15:15

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, şöbə müdirləri Munis Bayramov, İmran Həsənov, 20 Yanvar şəhid ailəsi, 16 nəfər 20 Yanvar faciəsinin əlili və ailə üzvləri iştirak etdi.

Tədbir 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalqımızı daha da birləşdirərək, millətin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini almışdır.

Daha sonra çıxışını davam edərək bildirdi ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Arzu edirik ki, bundan belə xalqımız, dövlətimiz Zəfər günlərini qeyd etsin.

Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov çıxışında qeyd etdi ki, Sovet hakimiyyətinin dağılması təəssüf ki, SSRİ-nin müxtəlif regionlarında qanlı münaqişələrin baş verməsi ilə müşayət olunmuşdur. Azərbaycan xalqına qarşı törədilən təcavüz xalqımızın qeyrətli və qüdrətli olmasını bir daha nümayiş etdirmişdir. Belə qəhrəman xalqın mübarizəsi 20 Yanvar hadisələri ilə başlasa da qürurla demək olar ki, Ali Baş Komandan Prezident İlham Əliyevin fədakarlığı sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə yekunlaşmışdır.

20 Yanvar faciəsinin əlili Salman Əhədov çıxış edərək o müdhiş gecənin canlı şahidi kimi xalqımıza qarşı törədilən qırğınları xatırladı və baş verən hadisələrdən danışdı.

Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı, onları narahat edən məsələlərə aydınlıq gətirdi.

Tədbirin yekununda 20 Yanvar şəhid ailəsinə, faciə iştirakçılarına və dünyasını dəyişən iştirakçıların ailə üzvlərinə rayon icra hakimiyyəti tərəfindən humanitar yardım göstərildi.

Keçidlər