Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sahil qəsəbəsində səyyar qəbulu keçirilmişdir.
07 noyabr 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sahil qəsəbəsində səyyar qəbulu keçirilmişdir.
Qəbulda Sahil qəsəbə sakinləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Tədbirdə ümumilikdə 70-ə yaxın qəsəbə sakini yer almışdır. Sakinlərdən 14 nəfər fərdi şəkildə dinlənilmiş, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan problemlərin operativ həlli məqsədilə müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar vermişdir. Bir sıra məsələlər isə dərhal yerindəcə həllini tapmışdır.
Qəsəbə sakinləri, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti və qayğısı ilə əhalinin problemlərinin həllinə yönələn tədbirlərə görə öz minnətdarlıqlarını ifadə etmişlər.
Başçı çıxışında 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Konfransı) çərçivəsində dünyanın 190-dan çox ölkəsindən gələcək 80-100 min nəfərlik nümayəndə heyətinin qarşılanmasının əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, bu konfrans ərəfəsində çox sayda qonaq Qaradağ rayonunu da ziyarət edəcək, rayonun tarixi məkanları, o cümlədən Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, karvansaraylar və övdanlarla tanış olacaqdır. Bu səbəbdən də rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmaqdadır. Başçı əhalini ekoloji və sanitar normalara riayət etməyə çağırmış və bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Eyni zamanda Süleyman Mikayılov çıxışında Qərbi Azərbaycan İcmasının fəaliyyətinə xüsusi yer ayırmışdır. O, Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başladığını və bu platformanın məqsədinin deportasiya olunmuş azərbaycanlıların taleyini, məhv edilmiş Azərbaycan irsini dünyaya çatdırmaq və sülh yolu ilə qayıdışa dəstək olmaq olduğunu vurğulamışdır. Başçı əhalidən Qərbi Azərbaycan İcmasının fəaliyyətində aktiv iştirak etməyi, həmçinin Qərbi Azərbaycan Televiziyasının sosial şəbəkə profillərini izləmək və paylaşmaqla bu mühüm işə töhfə verməyi xahiş etmişdir.