Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev “TotalEnergies” və “BCC Group” şirkətlərinin nümayəndələri ilə görüşüb

16 oktyabr 2026 | 19:01

   16 oktyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev “TotalEnergies EP Absheron B.V.” və “BCC Group” şirkətlərinin nümayəndə heyətləri ilə görüşüb.
   Görüşdə “TotalEnergies EP Absheron B.V.” şirkətinin layihə direktoru Philippe Duranın və “BCC Group” şirkətinin əməliyyatlar direktoru Anar Rzayevin rəhbərlik etdikləri nümayəndə heyətləri, eləcə də Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları iştirak ediblər.
   Şirkət nümayəndələri Abşeron qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində Qaradağ rayonu ərazisində indiyədək görülmüş işlər, layihənin hazırkı icra vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
   Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev layihənin rayonun sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətini qeyd edərək, yaradılan iş yerlərinə yerli sakinlərin cəlb olunmasına üstünlük verilməsinin vacibliyini vurğulayıb. Rayon rəhbəri, həmçinin gənclərin gələcəkdə layihə üzrə tələb olunacaq peşə və ixtisaslara yiyələnməsi məqsədilə əhali arasında maarifləndirmə işlərinin aparılmasının, müvafiq peşə hazırlığı və ixtisasartırma imkanlarının yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.
   Görüş zamanı ekoloji təhlükəsizlik tələblərinə ciddi riayət olunması, ətraf mühitin mühafizəsi, layihənin həyata keçirildiyi ərazi və ətraf qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması, eləcə də rayon əhalisinin ehtiyaclarına uyğun sosial layihələrin dəstəklənməsi məsələləri müzakirə edilib.
   Şirkət nümayəndələri qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşərək, yerli məşğulluğun dəstəklənməsi, kadr hazırlığı, ekoloji təhlükəsizlik və sosial məsuliyyət istiqamətində əməkdaşlıq imkanlarına münasibət bildiriblər.
   Görüşün sonunda tərəflər qeyd olunan istiqamətlər üzrə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin və həyata keçirilən layihələrin Qaradağ rayonunun sosial-iqtisadi inkişafına töhfə verməsinin əhəmiyyətini vurğulayıblar.

Keçidlər