Qaradağ Rayon İcra Hakimiyyətində Şuranın növbəti iclası keçirilib
17 yanvar 2025-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası baş tutub. İclasda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Şura üzvləri, şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, həmçinin rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Toplantıda gündəliyə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli, 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində müəyyən olunmuş vəzifələrin icra vəziyyəti və qarşıda duran hədəflər müzakirə olunub.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şikar Həsənalıyev iclasda çıxış edərək rayon ərazisində yeni iri sənaye müəssisələrinin yaradılması, mövcud müəssisələrin isə istehsal gücünün artırılması istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlar barədə ətraflı məlumat verib. O, qeyd edib ki, rayonda sənaye potensialının artırılması həm iqtisadi inkişafın sürətləndirilməsi, həm də yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra iclasda Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qaradağ rayonunda iri sənaye müəssisələrinin fəaliyyəti ilə bağlı yaradılmış monitorinq qrupunun işinə dair hesabat dinlənilib. Qrupun ötən dövr ərzində gördüyü işlər, əldə olunmuş nəticələr və mövcud çətinliklər barədə ətraflı məlumat təqdim olunub.
Müzakirələr zamanı iclas iştirakçıları rayonun sosial-iqtisadi inkişafı baxımından aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Sakinlərin rifah halının yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi, eləcə də sənaye və xidmət sahələrinin inkişafı istiqamətində əlavə təklif və rəylər səsləndirilib.
Sonda gündəlikdə nəzərdə tutulan məsələ üzrə qərar layihəsi oxunub, müzakirələrdən sonra qəbul olunub. Qərarda rayonun sosial-iqtisadi inkişafına dair tədbirlərin ardıcıl şəkildə icra olunması, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması və mövcud müəssisələrin istehsal imkanlarının daha da genişləndirilməsi ilə bağlı tapşırıqlar öz əksini tapıb.






