Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan İlahiyyat İnstitutunun təşəbbüsü ilə maarifləndirici xarakterli məlumatlandırma tədbiri keçirilmişdir
03 aprel 2023-cü il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan İlahiyyat İnstitutunun təşəbbüsü ilə İnstitutunun fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbiri keçirilmişdir.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nüməyəndələri, din xadimləri, şagirdlər, gənclər, orta məktəb müəllimləri iştirak etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar, eyni zamanda, gənclərimizin yüksəkintellektli savadlı kadrlar kimi yetişmələri üçün həyata keçirilən tədbirlər dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
T.İsmayılova daha sonra tədbir iştirakçılarına Aİİ haqqında məlumat verərək bildirib ki, hazırda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində inkişafı, eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ali təhsil müəssisəsinin fəaliyyəti təqdirəlayiqdir.
Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin yaranması, fəaliyyəti və qarşıda duran hədəfləri barədə geniş məlumat vermişdir.
M.Mürsəlov bildirdi ki, ali təhsil müəssisəsinin əsas məqsədi sağlamdüşüncəli, Vətənini sevən, milli məfkurəyə sahib, mənəvi dəyərlərimizi qoruyan din xadimləri və dinşünas mütəxəssislərin cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Ölkəmizdə mövcud olan sağlam dini mühiti qorumağın vacibliyini qeyd edən M.Mürsəlov vurğulayıb ki, yad qüvvələrin bu birgəyaşayış ənənəmizə, tolerant mühitimizə xələl gətirməsinə imkan verməməliyik.
M.Mürsəlov daha sonra İnstituta qəbul olunacaq hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Həmçinin onların yeməkpulu ilə təmin ediləcəklərini, dərslərdən əlavə, ödənişsiz xarici dil kurslarında iştirak edəcəklərini və digər üstünlüklərə sahib olacaqlarını da nəzərə çatdırdı.
İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov tələbələrin daha yaxşı təhsil almaları üçün ali təhsil müəssisəsində yaradılan şəraitdən söhbət açıb, həmçinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Qeyd edib ki, İnstitut kollektivi gənclərin zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadrlar kimi yetişmələri istiqamətində səylə çalışır.
Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov çıxışında abituriyentlərə İnstituta qəbul şərtləri barədə məlumat verdi. Bildirdi ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında da ətraflı bəhs etdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şöbəsinin əməkdaşı Elşən Quliyev gənclərin milli-mənəvi dəyərlərə bağlı böyümələrinin vacibliyinə toxundu. E.Quliyev Azərbaycanda ödənişsiz tədris həyata keçirən yeganə ali dini təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunda təhsil almağın üstünlükləri və gələcək perspektivləri barədə fikirlərini bölüşdü.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.