Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Ordumuzun qüdrətini, xalqımızın sarsılmaz iradəsini və Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirən Aprel döyüşləri Azərbaycan tarixində şanlı səhifələrdən biri kimi xüsusi yer tutur. 2 aprel 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov çıxış edərək bildirmişdir ki, “2016-cı ilin Aprel döyüşləri Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq salnaməsi kimi əbədi yaşayacaqdır. Həmin günlərdə Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək sübut etdi ki, biz öz torpaqlarımız uğrunda sonadək mübarizə aparmağa qadirik. Bu döyüşlər xalq-ordu birliyinin ən parlaq nümunəsi oldu. Möhtərəm Prezidentimiz, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan uğurlar, ordumuzun gücləndirilməsi istiqamətində görülən işlər məhz Aprel döyüşlərində öz bəhrəsini verdi. Bu şanlı tarix 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbənin başlanğıcı oldu. Biz şəhidlərimizin xatirəsini daim uca tutmalı, onların qəhrəmanlığını gələcək nəsillərə ötürməliyik. Onların qanı yerdə qalmadı və heç vaxt qalmayacaq. Azərbaycan xalqı hər zaman öz qəhrəman övladları ilə fəxr edəcəkdir. Aprel döyüşləri sonrakı illərdə əldə edilən böyük Zəfərin – torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsinin ideoloji və hərbi əsasını təşkil etmiş, xalqımızın milli birliyini daha da gücləndirmişdir. Bu şanlı tarix həm də göstərdi ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etmək əzmində qətiyyətlidir və bu yoldan heç zaman dönməyəcəkdir.”
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov çıxış edrək qeyd etmişdir ki, “Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan xalqı öz dövlətinin ətrafında sıx birləşərək ən çətin sınaqlardan şərəflə çıxmağa qadirdir. Bu döyüşlərdə əldə olunan uğurlar xalqımızın qələbə ruhunu yüksəltdi, hər bir azərbaycanlıda böyük inam yaratdı. Bu gün biz qalib xalq kimi həmin hadisələri qürur hissi ilə xatırlayırıq. Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bizim üçün müqəddəsdir. Onların göstərdiyi şücaət və qəhrəmanlıq gənc nəsil üçün örnəkdir.
Tədbirin sonunda iştirakçılar şəhid ailələri ilə söhbətlər aparılmış, onların qayğı və problemləri dinlənilmiş, xatirə şəkilləri çəkilmişdir. Aprel döyüşlərinin qəhrəmanlarının xatirəsi daim ehtiramla yad olunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyi bir daha vurğulanmışdır.






