Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdi

27 dekabr 2024 | 14:31

27 dekabr 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası keçirilmişdir. Şuranın işində rayon icra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon icra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

İclasın gündəliyində xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində həyata keçiriləcək tədbirlər, o cümlədən bu sahədə icra olunacaq xüsusi pilot layihələrin müzakirəsi olmuşdur.

Bu məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun məruzəsi dinlənilmişdir. Məruzədə sağlam qidalanmanın sosial və tibbi əhəmiyyəti vurğulanaraq, rayon üzrə aparılmış ilkin tədqiqatların nəticələri, qarşıda duran vəzifələr və icrası nəzərdə tutulan pilot layihələr barədə ətraflı məlumat verilmişdir.

Məruzəni davam etdirən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Firidun Hüseynov xüsusi həssas əhali qrupları üçün nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı hazırlanmış təklifləri Şura iştirakçılarının diqqətinə çatdırmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılması istiqamətində verilmiş tapşırıqlara uyğun olaraq Qaradağ rayonunda bu sahədə həyata keçiriləcək pilot layihələrin monitorinqi və koordinasiyası məqsədilə yaradılmış işçi qrupunun fəaliyyəti müzakirə olunmuşdur.

Məruzə ətrafında çıxışlardan sonra Şura iştirakçılarının məsələ ilə bağlı fikir və təklifləri dinlənilmiş, qarşıya çıxan suallar ətraflı cavablandırılmışdır. Gündəlikdəki məsələyə dair Şuranın qərar layihəsi oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.

Keçidlər