“PUTA” İDMAN ZALI VƏ MİNİFUTBOL MEYDANÇASININ AÇILIŞI OLUB
Sentyabrın 22-də Qaradağ rayonunun Puta qəsəbəsində müasir tələblərə cavab verən “Puta” idman zalı və minifutbol meydançasının açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva və Zaur Şükürov, rayon ictimaiyyətinin nümayəndələri, idmançılar, məşqçilər və Puta qəsəbəsinin sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə yeni istifadəyə verilən idman kompleksində yaradılmış şəraitlə tanış olublar. Gənclər və idman naziri Fərid Qayıbov idman zalını və minifutbol meydançasını nəzərdən keçirib, burada müxtəlif idman növləri üzrə məşqlərin və yarışların təşkili üçün yaradılmış imkanlarla maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa olunan “Puta” idman zalı müasir standartlara uyğun şəkildə təchiz edilib. İdman zalında voleybol, basketbol, badminton, güləş, boks, gimnastika, stolüstü tennis, bilyard, fitnes və şahmat üzrə məşqlərin keçirilməsi, həmçinin müxtəlif səviyyəli yarışların təşkili üçün əlverişli şərait yaradılıb.
Kompleksin ərazisində inşa edilən minifutbol meydançası isə uşaqların və yeniyetmələrin futbol məşqlərinə cəlb olunmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə və sağlam həyat tərzinin təşviqinə geniş imkanlar yaradacaq. Bununla yanaşı, idman obyektində idmançıların, məşqçilərin və digər istifadəçilərin rahatlığı üçün zəruri köməkçi sahələr də yaradılıb.
Yeni idman kompleksinin istifadəyə verilməsi Puta qəsəbəsində idman infrastrukturunun daha da zənginləşdirilməsi ilə yanaşı, gələcəkdə burada müxtəlif idman tədbirlərinin, yarışların və məşqlərin keçirilməsinə imkan yaradacaq.






