“Peşə, ixtisas seçimi” elmi-praktiki konfrans
20 may 2022-ci il tarixdə Ə.Əmirov adına Mədəniyyət Sarayında gənclərin peşə və ixtisas seçimini düzgün istiqamətləndirmək üçün ölkənin təhsil oçaqlarının, peşə təlimi mərkəzlərinin mütəxəssisləri və rayonun məktəbli gənclərinin iştirakı ilə "Düzgün peşə və ixtisas seçimi" mövzusunda elmi-praktiki konfrans keçirildi.
Görüşdə Xəzər universiteti, Azərbaycan universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat universiteti, Azərbaycan Texniki Universiteti və eyni zamanda rayonun Qızıldaş və Lökbatan qəsəbələrində yerləşən Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzi, Sahil və Ələt qəsəbələrində yerləşən Dəniz Nəqliyyatı, Gəmiqayırma və liman işləri üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzi, Qobustan qəsəbəsində yerləşən ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova açdı. O bildirdi ki, tədbir “Azərbaycan gəncliyi 2015-2025-ci illərdə İnkişaf strategiyası” əsasında tərtib edilmiş tədbirlər planına əsasən keçirilir. Qeyd edildi ki, peşə seçimi insanların həyatında verilən ən əhəmiyyətli qərarlardan biridir. Səhv seçimə səbəb olan amillərdən biri məlumat azlığıdır. Seçəcəyi sahə ilə bağlı kifayət qədər məlumatın olmaması sadəcə ətrafdan eşitdiklərinə əsasən müəyyən təsəvvürlərə malikolma səhv qərarlarla müşayiət olunur. Sahəyə girdikdə isə aydın olur ki, hər şey heç də təsəvvür etdiyi kimi deyil. Düzgün peşə seçmiş insanın öz yaradıcılığına meylliliyi gücləndirir və onu öz peşəsinin mütəxəsisinə çevrilə bilir. Peşə və ixtisas təkcə dolanışıq üçün deyil, həm də özünü ifadə etmək üçün ən gözəl vasitədir.
Azərbaycan Respublikasının Tələbə Qəbulu Qzrə Dövlət Komissiyasının riyaziyyat fənni üzrə eksperti İlqar Ağakişiyev tələbə qəbulunun şərtləri və qaydaları ilə bağlı müfəssəl məlumat verdi.
Dəvət olunmuş qonaqlar öz təhsil müəssisələri haqqında videoçarxlar vasitəsilə ətraflı məlumat verdikdən sonra şagirdləri maraqlandıran suallara cavablar verildi. Tədbir sonda gənclərin musiqi ifaları ilə yekunlaşdı. Daha sonra Mədəniyyət Sarayının foyesində həmin təhsil müəssisələri və peşə təlimi mərkəzləri tərəfindən nümayiş etdirilən sərgi ilə gənclər yaxından tanış oldular və sual-cavab prosesi orada da davam etdirildi.