Narkotiklərlə mübarizədə rayon komissiyasının rolu
01 sentyabr 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Narkotiklərlərlə mübarizədə rayon komissiyasının rolu mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikası “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” Dövlət Komissiyasının İşçi qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev, Qaradağ rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin rəis əvəzi Ruslan Əhmədov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Eiçin Abbasov, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri, məktəb psixoloqları və gənclər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova narkomanlığa qarşı mübarizəni kütləvi surətdə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzası ilə təsdiq olunmuş dövlət proqramlarından və onların icrası ilə bağlı görülmüş işlərdən söz açdı. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası”nın yaradılması və komissiya tərəfindən görülmüş işlər toplantı iştirakçılarının nəzərinə çatdırıldı və keçirilən görüşün də həmin komissiyanın tədbirlər planının tərkib hissəsi olduğu qeyd olundu.
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” Dövlət Komissiyasının İşçi qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdılar. O, maarifləndirmə tədbirlərinin məktəbli gənclər üçün çox önəmli olduğunu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığını söyləyərək müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin vacibliyini qeyd etdi.
Daha sonra dəyirmi masa sual-cavab mərhələsi ilə davam etdirildi.
Tədbirin sonunda narkomanlığı doğuran səbəblər, onların aradan qaldırılması yolları barədə iştirakçılara metodiki tövsiyələr paylandı.