Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərə yox deyirik”

23 yanvar 2025 | 12:23

23 yanvar 2025-ci il tarixində Lökbatan qəsəbəsi, Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə “Narkotiklərə yox deyirik” adlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib. Xüsusilə, proqramın 4.4.12-ci bəndinə uyğun olaraq, yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi məsələləri müzakirə edilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Elçin Abbasov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəis müavini, polis mayoru Ramil Hacıyev, Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbin direktoru Aygün Hüseynova və məktəbin şagirdləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, tədbirin keçirilməsində məqsədin narkotiklərin fəsadları barədə cəmiyyəti məlumatlandırmaq, gəncləri bu təhlükədən uzaq tutmaq və ictimaiyyəti aktiv şəkildə narkomanlığa qarşı mübarizəyə səsləmək olduğunu bildirdi. O, gənclər arasında sağlam həyat tərzinin təbliğinin vacibliyini vurğulayaraq, bu istiqamətdə görülən işlər haqqında geniş məlumat verdi.

Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın məsul katibi Ruslan İsmayılov çıxış edərək, narkomanlığa qarşı mübarizə sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən tədbirlərdən danışdı. O, narkomaniyanın cəmiyyətə, xüsusən də gənc nəsilə vurduğu mənəvi və fiziki zərərlərdən bəhs edərək, profilaktik tədbirlərin əhəmiyyətini vurğuladı.

Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəis müavini, polis mayoru Ramil Hacıyev isə öz çıxışında narkomanlığın Azərbaycan gəncliyinə vurduğu ziyandan, narkotiklərin yayılmasının qarşısının alınması istiqamətində aparılan hüquqi tədbirlərdən və ictimai qınağın gücləndirilməsinin vacibliyindən danışdı. O, yeniyetmələrin və gənclərin narkotik maddələrə qarşı ayıq-sayıq olmasının, valideynlərin və müəllimlərin bu məsələdə daha diqqətli olmasının vacibliyini qeyd etdi.

Daha sonra tədbirdə çıxış edən məktəbin direktoru Aygün Hüseynova, bu cür maarifləndirmə tədbirlərinin şagirdlər üçün əhəmiyyətindən bəhs edərək, məktəb daxilində gənclərin sağlam həyat tərzinə təşviq edilməsi istiqamətində aparılan tədbirləri diqqətə çatdırdı.

Tədbir çərçivəsində şagirdlər narkotiklərin insan orqanizminə təsiri, psixoloji və sosial fəsadları haqqında ətraflı məlumatlandırıldı. Onlara bu maddələrin cəmiyyətdə necə təhlükəli nəticələrə səbəb olduğu izah edildi. Gənclərə sağlam həyat tərzini seçmək, idmanla məşğul olmaq və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olundu.

Sonda tədbir iştirakçıları arasında müzakirələr aparıldı, şagirdlərin sualları cavablandırıldı və onlara narkotiklərdən uzaq durmağın yolları barədə əlavə məlumatlar verildi. Bu kimi maarifləndirmə tədbirlərinin gələcəkdə də davam etdiriləcəyi bildirildi.

Keçidlər