Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq maarifləndirici tədbir keçirilmişdir.

26 dekabr 2025 | 17:15

   26 dekabr 2025-ci il tarixdə Sahil qəsəbəsi, 228 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq, “Maarifləndirici və təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, ailənin rolunun və valideyn məsuliyyətinin artırılması” adlı maarifləndirici tədbir keçirilmişdir.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev, Azərbaycan Respublikası Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Quliyev Vasif, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis mayoru Yelmar Vahabov, Bakı şəhəri Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı, 228 nömrəli tam orta ümumtəhsil  məktəbinin direktoru Səkinə Rzayeva, psixoloqlar, müəllimlər və valideynlər iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev şagirdlərə narkotik vasitələrin insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu ağır fəsadlar barədə ətraflı məlumat verilməklə yanaşı, valideyn nəzarətinin, sağlam ailə mühitinin formalaşdırılmasının və düzgün tərbiyənin gənclərin zərərli vərdişlərdən uzaq saxlanılmasında mühüm rol oynadığı vurğulanmışdır. Həmçinin bildirmişdir ki, ailə, təhsil müəssisələri və yerli icra strukturları arasında qarşılıqlı əməkdaşlıq narkomaniyaya qarşı mübarizənin effektivliyini artıran əsas amillərdəndir.

   Daha sonra Azərbaycan Respublikası Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Quliyev Vasif çıxış edərək bildirmişdir ki, risk qrupuna aid olan gənclərin vaxtında aşkar edilməsi, onlarla profilaktik söhbətlərin aparılması, psixoloji dəstəyin göstərilməsi və ailələrin bu prosesə aktiv şəkildə cəlb edilməsi Dövlət Proqramında qarşıya qoyulan məqsədlərə çatmaq üçün vacib istiqamətlər kimi qeyd edilmişdir. Şagirdlərə sağlam həyat tərzinin seçilməsi, idman və faydalı məşğuliyyətlərin narkomaniyaya qarşı ən güclü alternativ olduğu aşılanmışdır.

   Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis mayoru Yelmar Vahabov da çıxışında vurğuladı ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ciddi hüquqi məsuliyyət yaradır və bu təhlükənin qarşısının alınmasında valideynlərin ayıq-sayıqlığı xüsusi əhəmiyyət daşıyır. Əlavə olaraq valideynləri övladlarının davranışlarında baş verən dəyişikliklərə vaxtında reaksiya verməyə, şübhəli hallarla bağlı müvafiq qurumlarla əməkdaşlıq etməyə çağırdı.

   Bakı şəhəri Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı da çıxış edərək vurğulamışdır ki, narkomanlığa qarşı mübarizədə ailə əsas və həlledici rol oynayır və valideynlər övladlarının gündəlik davranışına, sosial çevrəsinə və psixoloji vəziyyətinə daim diqqət yetirməlidirlər.

   Sonda valideynlərə bu mövzuda bukletlər paylandı və bir daha vurğulandı ki, bu kimi maarifləndirici tədbirlərin mütəmadi və ardıcıl şəkildə keçirilməsi, valideyn məsuliyyətinin artırılması və ailə institutunun möhkəmləndirilməsi narkomaniyaya qarşı mübarizədə uzunmüddətli və dayanıqlı nəticələrin əldə olunmasına xidmət edir. Qaradağ Rayon İcra Hakimiyyəti bu istiqamətdə fəaliyyətlərini bundan sonra da Dövlət Proqramının tələblərinə uyğun olaraq davam etdirəcəkdir.

 

Keçidlər