Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq, maarifləndirici tədbir keçirilmişdir.

25 dekabr 2025 | 17:43

   25 dekabr 2025-ci il tarixdə Sahil qəsəbəsi, 9 nömrəli tam inteqrasiya təlimli internat tipli məktəbdə Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq, maarifləndirici tədbir keçirilmişdir.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev, Azərbaycan Respublikası Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Quliyev Vasif, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis mayoru Yelmar Vahabov, Bakı şəhəri Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı, psixoloqlar, müəllimlər və şagirdlər iştirak edirdi.

   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev çıxışında narkotik vasitələrin gənclərin təhsil uğurlarına, gələcək peşə seçimlərinə və cəmiyyətə inteqrasiya imkanlarına mənfi təsirindən bəhs etmiş, erkən yaşlarda düzgün dəyərlərin formalaşdırılmasının əhəmiyyətini vurğulamışdır. O, məktəb mühitində aparılan profilaktik tədbirlərin şagirdlərin məsuliyyətli və şüurlu vətəndaş kimi yetişməsində mühüm rol oynadığını qeyd etmişdir.

   Daha sonra Azərbaycan Respublikası Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Quliyev Vasif çıxış edərək narkotiklərin cəmiyyətin sosial təhlükəsizliyinə yaratdığı risklərə toxunmuş, xüsusilə gənclərin yanlış informasiya və sosial təsirlər nəticəsində bu təhlükə ilə üz-üzə qala bildiyini bildirmişdir. O, məlumatlılığın artırılmasının və düzgün maarifləndirmənin narkotiklərə qarşı mübarizədə əsas preventiv vasitə olduğunu vurğulamışdır.

   Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis mayoru Yelmar Vahabov çıxışında narkotik vasitələrin yayılmasında istifadə olunan müasir üsullar, xüsusilə sosial şəbəkələr və qeyri-qanuni onlayn platformalar vasitəsilə gənclərin cəlb edilməsi təhlükəsindən danışmışdır. O, valideynlərin və müəllimlərin bu istiqamətdə daha diqqətli olmalarının, uşaqların informasiya məkanına nəzarətin vacibliyini qeyd etmişdir.

   Bakı şəhəri Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı çıxışında narkotik asılılığının fərdin psixoloji durumu və sosial münasibətləri üzərində yaratdığı təsirləri diqqətə çatdırmış, ailədaxili ünsiyyətin zəifliyi və emosional boşluqların gəncləri riskli davranışlara sürükləyə bildiyini bildirmişdir. O, valideyn-övlad münasibətlərində açıq dialoqun qurulmasının mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

   Sonda mövzu ilə bağlı maarifləndirici bukletlər paylanmış, bir daha qeyd olunmuşdur ki, bu kimi tədbirlərin davamlı şəkildə təşkili, ailə, məktəb və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi narkomaniyaya qarşı mübarizədə mühüm rol oynayır. Qaradağ Rayon İcra Hakimiyyəti bu sahədə fəaliyyətlərini gələcəkdə də Dövlət Proqramının tələblərinə uyğun olaraq davam etdirəcəkdir.

Keçidlər