“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbir keçirilmişdir.
15 aprel 2026-cı il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ rayon gənclər və idman sektorunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar Qaradağ rayonu, Lökbatan qəsəbəsi Səxavət Məhərrəmov adına 106 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ rayon gənclər və idman sektorunun müdiri Elçin Abbasov Qaradağ Rayon Polis İdarəsinin əməkdaşı-polis kapitanı İlyas Vəliyev, məktəbin direktoru Nigar Osmanlı, həkim İlhamə Bədəlova, müəllim və şagirdlər iştirak edirdi. Çıxışçılar yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdılar. Maarifləndirmə tədbirlərinin məktəbli gənclər üçün çox önəmli olduğu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meyilliliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığı vurğulanaraq müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin vacibliyi qeyd edildi.
Daha sonra tədbir sual-cavab mərhələsi ilə davam etdirildi.
Tədbirin sonunda narkomanlığı doğuran səbəblər, onların aradan qaldırılması yolları barədə şagirdlərə metodiki tövsiyələr təqdim edildi.






