Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.

30 oktyabr 2026 | 15:22

   30 oktyabr 2026-cı il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 9 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Qaradağ Rayon Komissiyasının sədri Emil Abbasov, Azərbaycan Respublikası Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Tanrıverdi Aydınov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev, Bakı şəhəri Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı, Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə Gənclər və İdman sektorunun rəisi Elçin Abbasov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin inspektoru, polis mayoru Ramil Hacıyev, məktəbin müəllimləri və şagirdləri iştirak etmişdir.
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov qonaqları və iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, narkotik vasitələrin yayılması yalnız fərdi deyil, cəmiyyətin bütövlüyünü təhdid edən təhlükəli problemdir və bu istiqamətdə aparılan profilaktik tədbirlər əsas prioritetlərdəndir.
   Azərbaycan Respublikası Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Tanrıverdi Aydınov Dövlət Komissiyasının fəaliyyəti barədə məlumat verərək, bu cür tədbirlərin əhali arasında məlumatlılığın artırılmasında oynadığı mühüm rolunu qeyd etmişdir. Xüsusi olaraq vurğulamışdır ki, xüsusilə gənclər arasında erkən maarifləndirmə və təhlükə barədə məlumatlandırma narkomaniyanın qarşısının alınmasında ən effektiv vasitələrdəndir.
   Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev çıxış edərək uşaqların narkotik vasitələrdən qorunması istiqamətində həyata keçirilən profilaktik tədbirlərin əhəmiyyətindən bəhs etmiş, xüsusilə azyaşlıların və yeniyetmələrin narkotik asılılığına sürüklənməsinə səbəb ola biləcək risk amillərinə diqqət çəkmişdir.
   Daha sonra Bakı şəhəri Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı çıxış edərək, narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlər, onların orqanizmdə yaratdığı fəsadlar və uzunmüddətli psixoloji və fiziki asılılıq barədə ətraflı məlumat vermişdir.
   Tədbir zamanı şagirdlərə narkotik vasitələrin yaratdığı təhlükələr, onların qanunsuz dövriyyəsinin qarşısının alınması yolları, sağlam həyat tərzinin faydaları və risk qrupuna daxil olan şəxslərlə aparılan profilaktik işlər barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda iştirakçılara maarifləndirici bukletlər təqdim olunmuşdur.
   Sonda vurğulanmışdır ki, bu istiqamətdə maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur və narkomaniyaya qarşı mübarizədə dövlət orqanları, ictimai təşkilatlar və təhsil müəssisələri arasında əməkdaşlıq gücləndiriləcəkdir.

Keçidlər