Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə şərait yaradan halların, onların yayılma səbəblərinin və miqyasının öyrənilməsi, müvafiq profilaktik tədbirlərin görülməsi, təbliğat-maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir

22 may 2025 | 16:13

   22 may 2025-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 139 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci il üçün təsdiq olunmuş İş Planının 22-ci bəndinə uyğun olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə şərait yaradan halların, onların yayılma səbəblərinin və miqyasının öyrənilməsi, müvafiq profilaktik tədbirlərin görülməsi, təbliğat-maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın məsul katibi Ruslan İsmayılov, Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə Gənclər və İdman sektorunun rəisi Elçin Abbasov, 139 saylı tam orta məktəbin direktoru İntizar İsmayılova, məktəbin müəllimləri və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi cəmiyyətin təhlükəsizliyinə ciddi təhdid və bu halların qarşısının alınması üçün kompleks tədbirlərin görülməsinin zəruri olduğunu, bu sahədə əsas diqqətin profilaktik işlərin gücləndirilməsinə, xüsusilə maarifləndirmə tədbirlərinin genişləndirilməsinə yönəlməli olduğundan bəhs edib. Həmçinin vurğulanıb ki, narkomaniyanın yayılma səbəblərinin və sosial köklərinin öyrənilməsi ilə yanaşı, risk qrupunda olan şəxslərlə erkən mərhələdə iş aparılması vacibdir. Onun sözlərinə görə, hüquq-mühafizə, təhsil və səhiyyə qurumları arasında koordinasiyalı əməkdaşlıq narkomaniyaya qarşı effektiv mübarizənin əsasını təşkil edir. Cavid Əliyev çıxışının sonunda bu istiqamətdə dövlət siyasətinin davamlı və məqsədyönlü şəkildə icra olunduğunu diqqətə çatdırıb.

   Daha sonra Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə Gənclər və İdman sektorunun rəisi Elçin Abbasov da tədbirdə çıxış edərək narkomaniyaya qarşı mübarizədə gənclərin sağlam həyat tərzinə cəlb olunmasının və idmanın bu istiqamətdə oynadığı mühüm rolun altını çizib. O bildirib ki, idarə tərəfindən təşkil olunan idman turnirləri, sağlamlıqla bağlı təlimlər və gənclərin asudə vaxtlarının səmərəli təşkili narkotiklərə meylin qarşısının alınmasında effektiv vasitədir. Eyni zamanda, o, gənclərin öz potensialını düzgün istiqamətdə inkişaf etdirməsi üçün yaradılan imkanlardan bəhs edib.

   Ardınca çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın məsul katibi Ruslan İsmayılov qeyd edib ki, narkomaniya ilə mübarizə yalnız hüquqi çərçivədə deyil, sosial və psixoloji aspektlərdən də həyata keçirilməlidir. O, xüsusilə məktəblərdə və gənclərin sıx olduğu ictimai məkanlarda maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb, risk altında olan yeniyetmələrin aşkarlanaraq psixoloji və sosial dəstək mexanizmlərinə cəlb olunmasının zəruriliyini qeyd edib.

   Tədbir zamanı şagirdlərə narkotik vasitələrin yaratdığı təhlükələr, onların yayılmasının qarşısının alınması yolları, sağlam həyat tərzinin üstünlükləri barədə ətraflı məlumat verilib və maarifləndirici bukletlər paylanıb. Onlara idmanla məşğul olmaq, faydalı vərdişlərə sahib çıxmaq və zərərli təsirlərdən uzaq durmaq tövsiyə olunub.

  Tədbirin sonunda iştirakçılar arasında fəal müzakirələr aparılıb, şagirdlərin ünvanladığı suallar cavablandırılıb. Sonda vurğulanıb ki, bu kimi maarifləndirici tədbirlər gələcəkdə də davam etdiriləcək və narkomaniyaya qarşı mübarizədə şəhər və rayon komissiyalarının rolu daha da gücləndiriləcəkdir.

 

Keçidlər