“Narkotik bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir
10.03.2023-cü il tarixində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Etibar Şirəliyev adına 274 nömrəli tam orta məktəbdə “Narkotik bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir.
Tədbir Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ rayon Polis İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 2019-2024-cü illəri əhatə edən “Narkotik vasitələrin, psiхotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın 4.4.12. bəndinin (Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, tədbirlərin görülməsi) icrası ilə əlaqədar keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, Polis polkovnik-leytenantı Məmməd Məmmədov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin inspektoru, Polis kapitanı İlyas Vəliyev iştirak edirdi.
Çıxışlarda bildirildi ki, Azərbaycanda narkotik vasitələrlə mübarizə geniş vüsət alıb, istər maarifləndirmə sahəsində, istərsə də narkotik vasitələri təbliğ edən, satan, onları əkib-becərən şəxslərə qarşı ciddi tədbirlər görülür. Eyni zamanda çıxışçılar siqaretin, alkoqolun da insan orqanizminə zərəli təsirindən danışdı və vurğulandı ki, nəinki məktəbdə dərs deyən müəllimlər, hətta yeniyetmə və gənclərin valideynləri də onların tərbiyə olunmasında çox diqqətli olmalıdırlar. Bu yaşda onların atacağı hər bir addım gələcəkdə mənfi nəticələrə gətirib çıxara bilər.
Daha sonra tədbir sual-cavab mərhələsi ilə davam etdirildi.