Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı

16 iyun 2022 | 17:41

16 iyun 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə  üzrə” Qaradağ rayon komissiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirildi.

         Dəyirmi masada  Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov,  “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə” Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Rayon Polis İdarəsinin şəxsi heyət üzrə köməkçisi  polkovnik-leytenant Yaşar İsayev, Qaradağ rayon prokurorunun müavini, Müsadirə edilmiş narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının aktlamdırılaraq məhv edilməsinə dair komissiyanın sədri İlkin İsmayılov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Hüquq şöbəsinin məsləhətçisi Sumaxanım Mirzəyeva, Bakı Narkoloji Dispanserin həkim-narkoloqu Vəfa Əliyeva, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Qafil Qasımov, Qaradağ rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov, orta məktəblərin psixoloqları, müəllimlər və gənclər iştirak edirdi.

         Yığıncaqdan öncə müvafiq mövzuda rayon gənclərinin çəkdikləri rəsmlərdən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi.

       Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov narkomanlığa qarşı mübarizəni kütləvi surətdə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  22 iyul 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2024-cü illər üçün Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə rayon komissiyası”nın yaradılmasını qeyd etdi. Yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini iştirakçıların nəzərinə çatdırdı.

         Rayon Polis İdarəsinin və rayon prokururluğunun təmsilçiləri narkotiklərlə əlaqədar törədilmiş cinayət hadisələri, narkotik vasitələrin saxlanması, məhv olunaraq dövriyyədən çıxarılması barədə geniş məlumat verdilər.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə” Dövlət Komissiyasının işçi qrupunun təmsilçisi maarifləndirmə tədbirlərinin məktəbli gənclər üçün çox önəmli olduğunu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşıcının alınmasında əvəzsiz rol oynadığını söyləyərək müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdi.

Munis Bayramov çıxışında xalqımızın adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs edərək bu gözəl xüsusiyyətlərimizə narkotikə qurşananların kölgə saldığını vurğuladı. Hər kəsin narkomanlığın qarşısının alınması üçün mübarizə aparmağını və maarifləndirmə üsullarının genişləndirilməsini məsləhət gördü.

Tədbirin sonunda iştirakçılara narkotik vasitələrdən, psiхotrop  maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr paylandı.

         Yığıncaq sual-cavab mərhələsi ilə yekunlaşdı.

 

Keçidlər