Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomanlığa qarşı mübarizədə şəhər, rayon komissiyalarının rolu” adlı maarifləndirmə tədbiri keçirilmişdir.

15 aprel 2025 | 16:26

  15 aprel 2025-ci il tarixində Qızıldaş qəsəbəsi, 8 saylı Peşə Liseyində “Narkomanlığa qarşı mübarizədə şəhər, rayon komissiyalarının rolu” adlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci ilə dair təsdiq olunmuş İş Planı çərçivəsində həyata keçirilib. Xüsusilə, proqramın 3-cü bəndinə uyğun olaraq, narkomanlığa qarşı mübarizədə şəhər, rayon komissiyalarının rolu, mübarizənin yerli səviyyədə forması, komissiyanın fəaliyyət istiqamətləri, narkomaniya qurbanlarının sağlam həyata inteqrasiyası, risk altında olan gənclərin və ailələrin nəzarətdə saxlanılması və narkotiklərə meyilli şəxslər barəsində qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi məsələləri müzakirə edilib.

  Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın məsul katibi Ruslan İsmayılov, psixoloqlar, müəllimlər və 8 saylı Peşə Liseyinin şagirdləri iştirak edirdi.

  Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev tədbirin keçirilməsində məqsədin narkomanlığa qarşı mübarizə üzrə şəhər və rayon komissiyalarının hüquqi əsasını və əsas vəzifələrini, komissiyaların maarifləndirmə, erkən xəbərdarlıq, reabilitasiya və koordinasiya sahəsində rolunu, komissiyaların polis orqanları, təhsil və səhiyyə müəssisələri ilə əlaqəli işləməsini, məlumat mübadiləsinin gücləndirilməsini, narkotik vasitələrin dövriyyəsinin qarşısının alınmasında mütəşəkkil yanaşmanın vacibliyini vurğulayaraq, bu istiqamətdə görülən işlər haqqında geniş məlumat verdi.

  Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın məsul katibi Ruslan İsmayılov çıxış edərək, məktəblərdə, universitetlərdə və ictimai yerlərdə həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən, narkotiklərlə mübarizə yönümlü sosial layihələrin, videoçarxların və seminarların keçirilməsinin vacibliyindən danışdı. O, narkomaniyanın cəmiyyətə, xüsusən də gənc nəsilə vurduğu mənəvi və fiziki zərərlərdən bəhs edərək, profilaktik tədbirlərin əhəmiyyətini vurğuladı.

 Tədbir çərçivəsində şagirdlər narkomaniyanın mövcud vəziyyəti və statistika, şəhər və rayon komissiyalarının funksiyaları, maarifləndirmə və profilaktik tədbirlər haqqında ətraflı məlumatlandırıldı. Onlara bu maddələrin cəmiyyətdə necə təhlükəli nəticələrə səbəb olduğu izah edildi. Gənclərə sağlam həyat tərzini seçmək, idmanla məşğul olmaq və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olundu.

 Tədbirin sonunda iştirakçılar arasında fəal müzakirələr aparıldı, xüsusilə məktəbli şagirdlərin narkotiklərlə bağlı ünvanladıqları suallar cavablandırıldı. Onlara narkotik vasitələrin yaratdığı təhlükələr, onlardan uzaq durmağın yolları, sağlam həyat tərzinin önəmi barədə ətraflı məlumat verildi. Şəhər və rayon səviyyəsində fəaliyyət göstərən komissiyaların bu kimi maarifləndirici tədbirlər vasitəsilə cəmiyyətin, xüsusilə gənclərin narkomaniyadan qorunmasında mühüm rol oynadığı bir daha vurğulandı. Tədbir iştirakçılarına bildirildi ki, narkomaniyaya qarşı mübarizə istiqamətində bu kimi tədbirlər gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək və bu prosesdə yerli komissiyaların rolu daha da gücləndiriləcəkdir.

Keçidlər