“Mülkiyyət hüququnun müdafiəsi və yerli icra hakimiyyətləri” mövzusunda təlim təşkil olunub.
İyulun 15-də “Hüquq və İnsan Haqqları İnstitutu” publik hüquq şəxs tərəfindən yerli icra hakimiyyəti nümayəndələri üçün “Mülkiyyət hüququnun müdafiəsi və yerli icra hakimiyyətləri” mövzusunda təlim təşkil olunub. Təlimdə şəhər və müxtəlif bölgələri təmsil edən 9 icra hakimiyyətindən ümumilikdə 14 nümayəndə, o cümlədən Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Kamran Abdullayev iştirak edib.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə İnstitut tərəfindən hüquqi maarifləndirmə sahəsində həyata keçirilən təşəbbüsləri diqqətə çatdıraraq, eyni zamanda vurğulayıb ki, yerli icra hakimiyyəti orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub. Belə ki, icra hakimiyyətlərinin əməkdaşları üçün onların hüquqi biliklərinin artırılmasına yönəlmiş maarifləndirici təlimlər mütəmadi olaraq təşkil edilir. Bu təşəbbüslər də öz növbəsində insan hüquqlarının təşviqi və inkişaf etdirilməsinə mühüm töhfə verir.
İnstitutun təlimçiləri mülkiyyət hüququnun normativ bazası, dövlətin mülkiyyətə müdaxilə imkanları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq yanaşması barədə ətraflı məlumatlar təqdim ediblər.
Üç blok üzrə təşkil olunan təlim praktiki çalışmalarla davam etdirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.






