Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluşdan Zəfərə doğru!" adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib*

15 iyun 2022 | 08:06

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "15 İyun - Milli Qurtuluş Günü" və "26 İyun - Silahlı Qüvvələr Günü"nə həsr olunan "Milli Qurtuluşdan Zəfərə doğru!" adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib.
İlk tədbir Bakının Qaradağ rayonunun Puta qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində təşkil olunub.
Müdafiə Nazirliyi və Qaradağ rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisin, müdafiə nazirliyinin, Qaradağ rayon İcra hakimiyyətinin rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, hərbi dənizçilər, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, qeyri-hökumət təşkilatlarının, ictimayiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Hərbi Dəniz Qüvələrinin qərargahı qarşısında ucaldılan xalqımızın ümummilli lideri Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunaraq önünə qızılgül çələngləri və gül dəstələri qoyulub.
Ulu öndərin və respublikamızın suverenliyi, ərazi bütövlüyünün qorunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Vətən müharibəsinin Zəfər bayrağı hərbi orkestrin ifa etdiyi "Qələbə marşı"nın sədaları altında təntənəyə gətirilib. İştirakçılar Zəfər bayrağına təzim edərək, alqışlarla qarşılayıblar.Vətənpərvərlik tədbiri aylığı çərçivəsində ilk tədbirə ev sahibliyi edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov tədbir iştirakçılarını salamyaraq deyib: "Bu gün ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycan hakimiyyətinə qayıdışının ildönümüdür. Azərbaycanın iqtisadi, siyasi, mədəni yüksəlişinə qədəm qoyduğu, ölkəmizin ordu quruculuğunda yeni bir mərhələnin başlandığı gündür. Ordu ilə xalqın monolit birliyinin bayramıdır. Nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var, qalib Vətən əsgəri var Ulu Öndərimiz ürəklərdə, xatirələrdə əbədi yaşayacaq, və onun müqəddəs ruhu bizi daha nurlu, parlaq gələcəyə aparacaqdır."Hərbi Dəniz Qüvvələrinn komandanı böyük qürur hissi ilə bildirib ki, Ulu Öndərin özü qədər inandığı , gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında doğma Azərbaycanımızın şan-şöhrəti bütün dünyaya yayılır. Möhtəşəm layihələr reallaşır. Ölkəmizin müdafiə qüdrəti günü-gündən daha da möhkəmlənir. Hər bir azərbaycanlı qalib dövlətin vətəndaşı, qalib ordunun əsgəri olması ilə fəxr edir. Azərbaycanın dinamik sürətlə inkişafı, işğaldan azad edilən yaşayış məntəqələrinin yenidən qurulması, tikinti-abadlıq işlərinin böyük vüsət alması, Şuşada beynəlxalq tədbirlərin, festivalların təşkili dünyanı heyrətə gətirir. Hətta düşmənlərimiz belə etiraf edirlər ki, Azərbaycan dövləti güclü dövlət, Azərbaycan xalqı xoşbəxt xalq, Azərbaycan Ordusu isə dünyanın ən güclü ordularından biridir.Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək deyib: " Hər il ölkəmizdə neçə-neçə əlamətdar hadisənin ildönümünü və tarixi günü təntənə ilə qeyd edirik. Lakin 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir bayramdır. Bu şanlı tarixin memarı xatirəsini həmişə ehtiramla yad etdiyimiz Azərbaycan müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqımıza Müzəffər Ali Baş Komandan, qurucu Prezident İlham Əliyev kimi görkəmli şəxsiyyəti bəxş edən ümummilli lider Heydər Əliyevdir.İcra başçısı keçən əsrin doxsanıncı illərinin əvvəllərini xatırlayaraq vurğulayıb:
"1991-ci ilin oktyabr ayında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq buna baxmayaraq, ölkədə yaranan gərgin vəziyyət dövlətimizin müstəqilliyini təhlükə altında qoyurdu. Ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlərin Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.
Həmin dövrdə əhalinin böyük təbəqəsini əhatə edən vətənpərvər insanlar yaranmış ağır, mürəkkəb vəziyyətdən çıxış yolunu Naxçıvan Ali Məclisinin sədri, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsində görür və bu məqsədlə müxtəlif təşəbbüslərlə çıxış edirdilər.
1993-cü il iyun ayının 4-də Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda AXC - Müsavat cütlüyü həm xalqımızın tələbini, həm də özlərinin acınacaqlı aqibətlərini nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qalırlar."
İcra başçısı qeyd edib ki, Azərbaycan parlamentinin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir və bu hadisə xalqımızın tarixinə "Milli Qurtuluş Günü" kimi daxil olur. Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri, sonralar isə Azərbaycan Respublikasının Prezidenti olarkən müstəqil dövlət quruculuğu yolunda uzaqgörən və qətiyyətli siyasət apararaq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti isə çevriliş cəhdlərindən xilas edir. Milli Qurtuluş günündən daha parlaq gələcəyə, möhtəşəm Zəfərə doğru gedən yolumuzun bünövrəsi məhz həmin günlərdə qoyulur.
Vətənpərvərlik tədbirində Ulu Öndər Heydər Əliyevin həmin günlərdə söylədiyi qətiyyətli fikirlər səsləndirilib:
"Mən Azərbaycan Respublikasının bu çətin günündə bu ağır yükü üzərimə ona görə götürmüşəm ki, öz doğma bacı və qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Həyatımın son dəqiqəsinə qədər mən bu xidməti edəcəyəm və heç bir şey məni qorxutmur. Heç bir şey də məni bu yoldan çəkindirməyəcək. Mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır!”
Tədbir iştirakçılarına məlumat verilib ki, Qaradağ rayonu ərazi baxımından Bakının yarısı qədərdir. Ən böyük sənaye mərkəzlərindən biri olan rayon ölkəmizin sənaye potensialının inkişafında böyük rol oynayır. Rayonun hansı bir guşəsinə getsəniz orada Ulu Öndərin izinə rast gələcəksiniz.
Ulu Öndər dəfələrlə rayonda olub, neçə-neçə möhtəşəm layihənin bünövrəsini qoyub, rayon sakinləri ilə görüşüb. Əbəs yerə dahi rəhbərimiz deməyib ki, Qaradağ rayonunun Azərbaycan xəritəsində, Azərbaycan iqtisadiyyatında, Azərbaycanın həyatında özünəməxsus yeri vardır. Qaradağlılar 1995-ci ildə ilk dəfə indiki prezidentimiz İlham Əliyevə etimad göstərərk onu Milli Məclisə deputat seçiblər. O isə həmişə seçicilərinin etimadını doğruldub.
"Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün bütün regionlara olduğu kimi Qaradağ rayonunun inkşafına da böyük diqqət göstərir. Qaradağlılar Prezident İlham Əliyevin rəhbərliyi altında Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməkdən böyük qürur duyurlar", - S.Mikayılov deyib.
Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində də qaradağlıların həm ön cəbhədə, həm də arxa cəbhədə qələbə naminə səylərini əsirgəmədikləri barədə danışan icra başçısı diqqətə çatdırıb ki, igid oğullarımız 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq, şücaət nümunələri göstəriblər.
Qaradağ rayonundan olan neçə-neçə gənc döyüş meydanlarında şəhadətləri ilə tarix yazaraq əbədiyyətə qovuşublar. Onlarla döyüşçu müharibədən qazi kimi qayıdıb. Bu gün yüzlərlə qaradağlı gənc Silahlı Qüvvələrdə içdikləri hərbi anda sadiq qalaraq Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər. Hər bir Qaradağ sakini Müzəffər Ali Baş Komandanın istənilən əmrlərini yerinə yetirməyə hazırdır."
Dahi liderimiz Heydər Əliyevin 50 il öncə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsi olan altı qardaşdan biri - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov tədbir iştirakçılarına rəhbərliyin təbriklərini çatdırıb .
Vətən üçün, ordumuz üçün vətənpərvər, igid oğullar tərbiyə etdiklərinə görə şəhid ve əsgər valideynlərinə minnətdarlıq edib, qazilərimizə şəfalar diləyib, ordumuza dəstəyi olan hər kəsə təşəkkür edib.
General-mayor E.Xəlilov vətənpərvərlik tədbirləri aylığı çərçivəsində keçirilən ilk tədbiri ordu ilə xalqın birliyinin təcəssümü kimi dəyərləndirib və ulu öndər Heydər Əliyevin bu gün də aktual olan aşağıdakı fikirlərini tədbir iştirakçılarına bir daha xatırladıb:
"Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha da qüdrətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir".
Çıxışlardan sonra "Milli Qurtuluşdan Zəfərə doğru!" adlı kinolaşdırılmış ədəbi-bədii-xoreoqrafik kompozisiya nümayiş etdirilib. Azərbaycan Ordusunun Sənədli və Tədris filmləri Mərkəzi əməkdaşlarının hazırladıqları videosüjetlər və incəsənət xadimlərinin ifa etdikləri vətənpərvərlik mahnıları, hərbi marşlar və rəqslərlə ulu öndər Heydər Əliyevin 29 il öncə hakimiyyətə qayıdışından başlayaraq, xalqımızın və ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan möhtəşəm qələbəyədək olan dövr xronoloji ardıcılıqla təqdim olunub.
Tədbirdə şəhid ailələrinə və Vətən müharibəsinin qazilərinə, xidmətdə fərqlənən hərbi qulluqçulara Müdafiə Nazirliyi və Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyi adından xatirə hədiyyələri verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsi tərəfindən xidmətə çağırılaraq bu gün ruhumuzun paytaxtı Şuşa şəhərində Vətənə sədaqətlə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından bir qrupunun Cıdır düzündən tədbir iştirakçılarına, valideynlərinə videomüraciəti və onları böyük sevgi ilə izləyən valideynlərinə həmin əsgərlərin nümunəvi xidmətlərinə görə mükafat olaraq məzuniyyətə gəlməsinin xəbər verilməsi ata-ana, nənələrlə görüşləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Azərbaycan Ordusuna göstərdikləri mənəvi dəstəyə, şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəlməsinə xidmətlərinə görə Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Xalq artisti Mübariz Tağıyevə, ictimai fəal Əliş Hüseynova Müdafiə Nazirliyinin mükafatları təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev tədbir iştirakçılarını 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaütçüsü polkovnik Abdulla Qurbani bildirib ki, vətənpərvərlik tədbirləri ongünlüyü çərçivəsində respublikanın ayrı-ayrı rayonlarında, eləcə də işğaldan azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə silsilə tədbirlər həyata keçiriləcək.
Müdafiə Nazirliyi və Qaradağ rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən vətənpərvərlik tədbirindən iştirakçılar xoş təsuratlarla ayrılıblar.

Keçidlər