“Məişət zorakılığının qarşısının alınması: imkan və perspektivlər” mövzusunda tədbir keçirildi.
05 dekabr 2023-cü il tarixdə Sahil qəsəbəsində yerləşən Qaradağ Gənclər Evində rayon icra hakimiyyətinin təşəbbüsü ilə Beynəlxalq “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının keçirilməsi çərçivəsində “Məişət zorakılığının qarşısının alınması: imkan və perspektivlər” mövzusunda tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, BŞGİİ Qaradağ sektorunun rəisi, 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri, müəllimlər, psixoloqlar, bələdiyyə nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova mövzunun aktuallığını qeyd edərək, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nı və bu plana əsasən qarşıda duran vəzifələri iştirakçıların nəzərinə çatdırdı.
Məişət zorakılığı, onların yaranma səbəbləri, sözügedən məsələ ilə bağlı müraciətlər barədə ətraflı məlumat verən BŞGİİ Qaradağ sektorunun rəisi Elçin Abbasov məişət zorakılığı növləri olan fiziki zorakılıq, psixoloji zorakılıq, iqtisadi zorakılıqdan geniş söhbət açaraq onların mübarizə yolları ilə bağlı öz məsləhətlərini verdi.
Məktəb psixoloqları, təhsil müəssisələrinin əməkdaşları məişət zorakılığı haqqında statistik məlumat verərək bu zorakılığın ailələrin dağılması, ailədəki uşaqlarda psixoloji problemlərin yaranması ilə müşayiət olunduğunu, bəzi hallarda isə daha ağır nəticələr verdiyini qeyd etdilər.
Digər çıxışlarda mövcud problemlərin aradan qaldırılması üçün ailə-məişət mövzusunda daha çox maarifləndirici tədbirlərin keçirilməsini təklif edildi.
Tədbir sual-cavab mərhələsi ilə sona çatdı.