“Məişət zorakılığını doğuran səbəblər və onların həlli yolları”
20 iyul 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Məişət zorakılığını doğuran səbəblər və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Qarabağ rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Sumaxanım Miyzəyeva, VVAQ şöbəsinin müdir əvəzi Cəmilə Mustafayeva, 10-cu Polis bölməsinin sahə müvəkkili polis baş leytenantı Əfqan Əliyev iştirak edirdi.
Tədbiri giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov açdı. O mövzunun aktuallığını qeyd edərək Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nı və bu plana əsasən qarşıda duran vəzifələri iştirakçıların nəzərinə çatdırdı. Qeyd etdi ki, Sərəncama əsasən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası əlaqələndirici qurum kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə edilmiş və planın icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır.
Məişət zorakılığı, onların yaranma səbəbləri, sözügedən məsələ ilə bağlı yerli İcra Hakimiyyətinə daxil olan müraciətlər barədə ətraflı məlumat verən İcra Hakimiyyətinin təmsilçisi Sumaxanım Miyzəyeva məişət zorakılığı növləri olan fiziki zorakılıq, psixoloji zorakılıq, iqtisadi zorakılıqdan geniş söhbət açaraq onların mübarizə yolları ilə bağlı öz məsləhətlərini verdi.
VVAQ şöbəsinin müdir əvəzi Cəmilə Mustafayeva, 10-cu Polis bölməsinin sahə müvəkkili polis baş leytenantı Əfqan Əliyev məişət zorakılı haqqında statistik məlumat verərək bu zorakılığın ailələrin dağılması, ailədəki uşaqlarda psixoloji problemlərin yaranması ilə müşayiət olunduğunu, bəzi hallarda isə daha ağır nəticələr verdiyini qeyd etdilər.
Digər çıxışlarda mövcud problemlərin aradan qaldırılması üçün ailə-məişət mövzusunda daha çox maarifləndirici tədbirlərin keçirilməsini təklif edildi .
Tədbir sual-cavab mərhələsi ilə sona çatdı.