“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib
04 sentyabr 2024-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Kamran Abdullayev Milli Fəaliyyət Planı haqqında geniş məlumat verərək korrupsiyaya qarşı mübarizə, həmçinin etik davranış qaydaları, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik dilemmalar və onların həlli yolları, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin olduqca vacib olmasını vurğulayıb.
Daha sonra Ağsaqqallar Şurasının üzvləri, Qeyri-hökumət təşkilatlarının sədrləri və başqaları çıxış edərək dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Çıxış edənlər Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə fəal iştirak etdiyini, qanunvericiliyin formalaşdırılmasına cəlb olunduğunu, “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın önəmini xüsusi vurğulayıblar. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyətləri arasında birgə əməkdaşlığın gücləndirilməsi, həyata keçirilən layihələr müzakirə edilib.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, Vətəndaş cəmiyyəti institutlarının rəhbərləri isə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ilə bu cür əməkdaşlığın səmərəli olduğunu və olduqca müsbət effekt verdiyini bildiriblər.
Sonda “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” istiqamətində belə maarifləndirici tədbirlərin daha çox keçirilməsi təklifi də qeyd edilmişdir.