“Konstitusiya və Suverenlik ili” çərçivəsində “Sülhün təminatçısı - Ali Baş Komandanımız” mövzusunda görüş keçirildi
19 sentyabr 2025-ci il tarixində Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə Qaradağ Rayon İcra Hakimiyyətinin və BŞGİİ Qaradağ rayon sektorunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 21 Sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülhün təminatçısı - Ali Baş Komandanımız” mövzusunda görüş keçirildi.
Tədbirdə Qaradağ rayon gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Qaradağ RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva, 288 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti iştirak etdi.
Tədbiri çıxış ilə açan Qaradağ rayon gənclər və idman sektorunun müdiri Elçin Abbasov 21 Sentyabr Beynəlxalq Sülh Gününün tarixi barədə ətraflı danışaraq Sülh gününün Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edildiyini və ilk olaraq sentyabr ayının üçüncü çərşənbə günündə, daha sonra qəbul olunan qətnamə ilə 21 sentyabr tarixində qeyd edilməyə başladığını bildirdi.
Qaradağ RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva çıxış edərək, sülhün öz yolumuzda irəliyə gedə bilməyimiz üçün yoldakı maneələri qaldıran əsas şərt olduğunu qeyd etdi. Azərbaycan qüdrətli orduya sahib olsa da, xalqımızın daim sülh tərəfdarı olduğunu və Dövlət başçımız cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində sülhə nail olduğumuzu görüş iştirakçılarının nəzərinə çatdırdı. Səmayə Şıxəliyeva məktəbliləri Ali Baş Komandanın bu adımından nümunə götürərək həmişə sülh içində təhsil almağa, inkişaf etməyə, xalqımıza nəsib olan bu firavançılığı daim yaşatmağa çağırdı.
Tədbirdə məktəbin tarix müəllimi və məktəblilər “20 sentyabr - Dövlət Suverenliyi Günü” və “21 sentyabr - Beynəlxalq Sülh günü” mövzusu ətrafında çıxış etdilər. Diskussiya şəklində davam edən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.






