“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sağlam həyat sağlam düşüncənin təməlidir mövzusunda tədbir keçirildi
13 may 2025-ci il tarixində Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 184 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sağlam həyat sağlam düşüncənin təməlidir mövzusunda tədbir keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin, Qaradağ Rayon Polis İdarəsinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları iştirak edirdi.
Çıxışlar zamanı sağlam həyat tərzinə zidd olan zərərli vərdişlərdən və yad ideoloji düşüncələrdən danışıldı. Gənclərin zərərli vərdişlərdən, radikal dini təsirlərdən qorunmasının vacibliyi, fiziki və mənəvi baxımdan sağlam formalaşmalarının, milli-mənəvi dəyərlərə layiq olmağın əhəmiyyəti diqqətə çatdırıldı.
Tədbir iştirakçıları milli-mənəvi və islami dəyərlərdən söhbət açmaqla yanaşı bildirdilər ki, dini radikalizm və xurafat cəmiyyətin inkişafına mane olur və onların da qarşısının alınması maarifləndirmədən, islamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır.
Diskussiya şəklində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.