“İxtisas seçimi-gələcəyin təminatıdır” adlı təlim keçirildi.
01 may 2024-cü il tarixində Ə.Əmirov adına Mədəniyyət Sarayında Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gənclərin peşə və ixtisas seçimini düzgün istiqamətləndirmək məqsədilə ölkənin bəzi ali təhsil ocaqlarının, peşə təlimi mərkəzlərinin mütəxəssisləri və rayonun məktəbli gənclərinin iştirakı ilə “İxtisas seçimi-gələcəyin təminatıdır” adlı təlim keçirildi.
Təlimdə Xəzər Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və eyni zamanda Qaradağ rayonunda yerləşən Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzi, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzinin nümayəndələri iştirak etdi.
Tədbiri giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov açaraq qeyd etdi ki, Azərbaycan dövləti gənclərin gələcək həyat fəaliyyətini yaxşılaşdırmaq üçün mühüm addımlar atır. Cənab Prezidentimiz İlham Əliyevin çoxşaxəli fəaliyyətinin bir hissəsi də gənclər siyasətindən ibarətdir. Peşə seçimi insanın öz həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Bəzən məlumat azlığından və təcrübəsizlikdən gənclərimiz ixtisas seçərkən səhvə yol verirlər. Seçəcəyi sahə ilə bağlı kifayət qədər məlumatın olmaması sadəcə ətrafdan eşitdiklərinə əsasən müəyyən təsəvvürlərə malik olma səhv qərarlarla müşayiət olunur. Düzgün peşə seçimi insanın həyat fəaliyyətinin əsas stimuludur. Peşə və ixtisas seçimi dövlətin inkişafında peşəkar xidmətin təzahürüdür.
Dövlət İmtahan Mərkəzinin riyaziyyat fənni üzrə eksperti İlqar Ağakişiyev tələbə qəbulunun şərtləri və qaydaları ilə bağlı müfəssəl məlumat verdi.
Dəvət olunmuş qonaqlar öz təhsil müəssisələri haqqında videoçarxlar vasitəsilə ətraflı məlumat verdikdən sonra şagirdləri maraqlandıran suallara cavablar verdilər. Daha sonra Mədəniyyət Sarayının foyesində həmin təhsil müəssisələri və peşə təlimi mərkəzləri tərəfindən nümayiş etdirilən qəbul qaydaları və ixtisaslarla tanış oldular.
Təlimin sonunda Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elnarə Əliyeva tərəfindən təlimdə iştirak edən ali təhsil müəssisələri və peşə təlimi mərkəzlərinin nümayəndələrinə idarə tərəfindən hazırlanmış təşəkkürnamələr təqdim olundu.