"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun təbliği ilə bağlı hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
23 aprel 2024-cü il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Ombudsman Aparatı və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun təbliği ilə bağlı hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququ şöbəsinin müdiri Lamiyə Zeynalova, sektor müdiri Aynur Həmidova, aparıcı məsləhətçi Elvin Hacıyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Məruzələrdə informasiya əldə etmək hüququnun təmin olunması üzrə mövcud beynəlxalq və milli qanunvericilik aktları, Ombudsmanın müvafiq sahə üzrə fəaliyyəti, o cümlədən informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət funksiyası, daxil olan şikayətlər və onların təmini vəziyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, Müvəkkilin informasiya əldə etmək hüququ sahəsində beynəlxalq layihələrdə iştirakı, Beynəlxalq İnformasiya Komissarlarının Konfransına üzv seçildiyi diqqətə çatdırılıb.
Məruzəçilər, həmçinin Ombudsman təsisatı tərəfindən bu sahə üzrə hazırlanmış maarifləndirici vəsaitlər barədə də məlumat veriblər.