“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu”
16 fevral 2023-cü il tarixdə Qaradağ rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubeleyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda toplantı keçirildi. Toplantıdan əvvəl hərbi hissənin həyətində olan Ulu Öndərin büstü ziyarət edildi və büstün önünə güllər qoyuldu.
Daha sonra hərbi hissənin inzibati otağında Azərbaycan Respublikasının Dövlət Himni oxundu və Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Toplantıda Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Firidun Hüseynov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi, Qarabağ qazisi, yazıçı-jurnalist Fəridə Hicran Əliyeva, hərbi hissənin zabit və əsgər heyəti iştirak etdi.
AMEA-nın təmsilçisi F.Əliyeva qeyd etdi ki, Heydər Əliyevin adı ilə bağlı hər bir tədbir şərəfli tarixi günlərdən biri kimi qeyd olunur. Heydər Əliyein Vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaşsa bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülməli, Ulu Öndərin irsi gənclər tərəfindən öyrənilməli və təbliğ edilməlidir. Bu məqsədlə hər bir tədbir müstəsna əhəmiyyətə malikdir.
Rayon icra hakimiyyətinin əməkdaşı F.Hüseynov öz çıxışında hələ Sovetlər dönəmində Ulu Öndərin şəxsi təşəbbüsü və gərgin zəhməti sayəsində açılmış C.Naxçıvanski adına hərbi liseyin milli hərbi kadrlar hazırlanması üçün əhəmiyyətindən, ölkəmiz müstəqillik əldə etdikdən sonra həmin liseyin yetişdirdiyi hərbçilərin Vətənin müdafiəsindəki şücaətlərindən danışdı. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Ordu quruculuğu strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etməsini qeyd edərək, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsindən bəhs etdi.
Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov əsası Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən “Dövlət Gənclər Siyasəti”ndən və bu istiqamətdə həyata keçirilmiş qlobal işlərdən danışdı. Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasətinin gənc nəsli vətənpərvər ruhda formalaşdırdığını və bunun nəticəsi kimi 44 günlük Vətən müharibəsinin Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdiyini qeyd etdi.