“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi.
20 fevral 2023-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Toponim şöbəsinin müdiri Elçin İsmayılov Muradxanlı, YAP Qaradağ rayon Təşkilatının sədri Qafar Əliyev, Azərbaycan Dillər Universitetinin professoru Əsgər Zeynalov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, “Dostluq Məşəli” qəzetinin baş redaktoru Fərman Borçalı, şair və rayon ağsaqqalı Zaməddin Həmşəyev, rayon məktəblərin dil-ədəbiyyat müəllimləri və şagirdləri iştirak etdilər.
“21 fevral Beynəlxalq Ana dili günü” münasibətilə film nümayiş edildi.
Dəyirmi masanı giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxışında Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olduğunu qeyd etdi. Ulu Öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşdığını vurğuladı. Hələ 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən olduğunu bildirdi.
YAP Qaradağ rayon Təşkilatının sədri Qafar Əliyev Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlı olduğunu bildirdi.
Azərbaycan Dillər Universitetinin professoru Əsgər Zeynalov çıxışında qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabancı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.
Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Toponim şöbəsinin müdiri Elçin İsmayılov-Muradxanlı çıxış edərək Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlı olduğunu bildirdi.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır.
Tədbirdə digər qonaqlar da cıxışlarında “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda ətraflı məlumat verdilər.
Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva qonaqlara öz təşəkkürünü bildirdi.