"Heydər Əliyev fenomeni milli mədəniyyətimizi daim zənginləşdirir"adlı tədbir keçirildi
14.04.2023-cü il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində “Beynəlxalq Mədəniyyət Günü” nə həsr olunmuş "Heydər Əliyev fenomeni milli mədəniyyətimizi daim zənginləşdirir" mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə YAP Qaradağ rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şixəliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Teatr aktyoru kafedrasının müdiri, professor Azad Şükürov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissoru, professor Sevda Teymurova, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi dram hissəsinin bədii rəhbəri, teatrşünas dramaturq Çingiz Ələsgərov, Əməkdar artist Firuz Səxavət, Qaradağ rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İlqar Qasımov, Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov, rayonun mədəniyyət evlərinin, musiqi məktəblərinin və kitabxanalarının əməkdaşları və "Gənc Heydər Əliyevçilər" dərnəyinin üzvləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Çərkəz Əliyeva Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuş Heydər Əliyevin mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdı.
Çıxış edən qonaqlar qeyd etdilər ki, “Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabaha uğurlara addımlamaqda yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır.
Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.
Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından
bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.
Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi.
Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatrlar, teatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Heydər Əliyev bu kadrların hazırlanmasında ona görə maraqlı idi ki, gələcək müstəqil Azərbaycanımız üçün onlar gərəkli olacaqdılar.
Əməkdar artist Azad Şükürov öz çıxışında gənclik illərində Ulu Öndərlə olan xatirələrindən danışdı və qeyd etdi ki, "Dahi lider hər zaman sənət və sənətkarlara xüsusi sevgi və qayğı ilə yanaşırdı.
Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və Ulu Öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olduq".
Tədbirin bədii hissəsində qonaqlar əməkdar artist Firuz Səxavətin ifasında "Heydərbaba ildırımlar çaxanda" mahnısını dinlədilər.