Heydər Əliyev-100: Qurtuluşdan Zəfərə gedən yol
Oktyabrın 12-də Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev-100: Qurtuluşdan Zəfərə gedən yol” mövzusunda elmi-praktik konfrans keçirdi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olundu.
Tədbir iştirakçıları Qaradağ rayon məktəbliləri tərəfindən hazırlanan Ulu Öndərə və Vətən müharibəsinə həsr olunmuş sərgiyə baxdılar.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Ulu Öndərin həyatından və dövlətçilik fəaliyyətindən, son illər ölkəmizdə aparılan nəhəng quruculuq işlərindən və Vətən müharibəsində böyük Zəfərdən bəhs edən videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarı, Ümumilli lideri Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz roldan danışdı. YAP rayon təşkilatının sədri bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi və dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyətdir. Azərbaycan xalqının baş verən faciələrdən qurtularaq demokratik-hüquqi dövlətdə yaşaması çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Konfransda çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirdi ki, Azərbaycan tarixinin bütöv bir dövrü tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Ümummilli liderin özünün də dediyi kimi Azərbaycan dünyaya Günəş kimi doğub.
YAP İdarə Heytinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov tədbirdə çıxış edərək Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrün Azərbaycan xalqının tarixi yaddaşında sabitlik və inkişaf mərhələsi kimi həkk olunduğunu dedi. Xüsusi vurğuladı ki, müasir Azərbaycan dövləti bu gün Heydər Əliyev ideyaları əsasında inkişaf edərək regionun lider dövlətinə, bütün dünyada öz iradəsini həyata keçirməyə qadir dövlətə çevrilib. 2023-cü ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunduğunu xatırladan V.Əsgərov bu addımın Heydər Əliyev irsinin gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdi.
Konfransda çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun Baş direktoru, akademik Vaqif Abbasov bildirdi ki, xalqımızın yaddaşında qurucu və xilaskar kimi qalan Ulu öndər Heydər Əliyev ölkəmizdə neft-kimya sənayesinin, elmin inkişaına həmişə böyük qayğı ilə yanaşıb. Müdrik dövlət xadimi olan Heydər Əliyevin xalqımızı xilas yoluna çıxaran ideyaları Azərbaycan xalqının heç zaman dəyərini itirməyəcək əvəzolunmaz sərvətidir.
Konfransda çıxış edən YAP veteranlar Şurasının üzvü Zərifə Quliyeva Ulu Öndər Heydər Əliyevlə bağlı xatirlərini bölüşdü. Bildirdi ki, birinci dəfə 1993-cü il oktyabrın 3-də Azərbaycan prezidenti seçilən heydər Əliyevin İnaqurasiya mərasimi məhz oktyabrın 12-də keçirilib və bu gün xalqımızın yaddaşına əbədi həkk olunub.
Konfransda çıxış edən “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev diqqətə çatdırdı ki, bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük müdrikliklə rəhbərlik etdiyi Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin bütün arzuları reallığa çevrilib. Dahi şəxsiyyətin müəllifi olduğu inkişaf strategiyası nəticəsində Azərbaycan dövləti qazandığı qələbələrlə bütün dünyaya səs salıb.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri Fərmanlar, YAP sıralarına yeni üzv olan gənclərə üzvlük vəsiqələri təqdim edildi.
Tədbir bədii hissə ilə başa çatdı.