Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli alim, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş dəyirmi masa keçirildi. 

15 aprel 2026 | 15:47

15 aprel 2026-cı il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş dəyirmi masa keçirildi. 

Anım tədbirində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Elçin Hüseynov, icra hakimiyyəti aparatının məsul əməkdaşları, həmçinin səhiyyə müəssisələrinin rəhbərləri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdü, dahi şəxsiyyətə dərin hörmət və ehtiramlarını ifadə etdilər. Daha sonra Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olmuş, onun zəngin irsini əks etdirən eksponatlara baxış keçirmişlər. Ardınca Heydər Əliyevin, akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam etdi.

Tədbirin əvvəlində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan Emil Abbasov qonaqları təqdim edərək, Zərifə xanım Əliyevanın zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verdi. O qeyd etdi ki, Akademik Z.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır. Zərifə xanımın yüksək intellekti, dərin dünyagörüşü, səmimiyyəti və insanlara olan diqqət və qayğısı onu hər kəsə sevdirən əsas keyfiyyətlər olmuşdur. Bildirildi ki, o, həm peşəkar həkim, həm də sədaqətli həyat yoldaşı və qayğıkeş ana kimi xalqımızın yaddaşında əbədi yer tutmuşdur, Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olmuşdur.  

Milli Məclisin deputatı Aydın Hüseynov akademik Zərifə Əliyevanın elmi yaradıcılığı barədə ətraflı çıxış etdi. O vurğuladı ki, Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi.

Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.

Azərbaycanda oftalmologiya məktəbinin formalaşmasında mühüm rol oynayan ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır və onun bu sahədə əldə etdiyi uğurlar yüksək mükafatlarla qiymətləndirilmişdir.

Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov Zərifə xanım Əliyevanın zəngin həyat fəlsəfəsindən, yüksək mənəvi keyfiyyətlərindən və oftalmologiya elminin inkişafına verdiyi misilsiz töhfələrdən bəhs etdi.  Qeyd etdi ki, akademikin şərəfli ömür yolu, əldə etdiyi nailiyyətlər və insanpərvər fəaliyyəti gələcək nəsillər üçün nümunədir.

Ardınca çıxış edən Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşərək bildirdi ki, o, qısa ömür yaşamasına baxmayaraq, tibb elminə verdiyi töhfələr və peşə fəaliyyəti nəticəsində yaranan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla tarixdə silinməz iz qoymuşdur. 1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

Sonda Emil Abbasov tədbiri yekunlaşdıraraq vurğuladı ki, akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı müstəsna xidmətləri heç vaxt unudulmayacaq, onun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır.

Keçidlər