Şriftin ölçüsü :

Saytın rəngi :

“GƏLƏCƏYİNİ QORU NARKOTİKƏ YOX DE” mövzusunda marifləndirici tədbir keçirilmişdir.

16 iyun 2026 | 17:12

   16 iyun 2026-cı il tarixdə Qaradağ Rayon Prokurorluğunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyasının 26 dekabr 2025-ci il tarixli, 05 nömrəli qərarı ilə “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol xəritəsi”nin icrası ilə əlaqədar “GƏLƏCƏYİNİ QORU NARKOTİKƏ YOX DE” mövzusunda marifləndirici tədbir keçirilmişdir.
   Tədbirdə Qaradağ Rayon Prokurorunun müavini Elgiz Qənizadə, Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, video blogger, jurnalist Nail Kəmərli, Qaradağ Gənclər İdman Sektorunun müdiri Elçin Abbasov və Qaradağ Rayon ümumtəhsil müəssilərində təhsil alan nümunəvi şagirdlər iştirak edirdi.
   Tədbir iştirakçılarına video blogger, jurnalist Nail Kəmərlinin narkomaniyaya düçar olmuş insanların acı taleyindən, ailələrinin dağılmasından və onların acınacaqlı həyatından bəhs edən video roliklər nümayiş etdirildi.
   Qaradağ Rayon Prokurorunun müavini Elgiz Qənizadə çıxış edərək bildirdi ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problemin vurduğu zərərin həcmi çox böyük olmaqla həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də onun müxtəlif cinayətlər törətməsinə, həmçinin cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan dünya dövlətləri narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar. Bundan başqa, dünyada transmilli narkoqruplaşmaların fəaliyyətinin genişlənməsinin ciddi təhlükə yaratması, narkotiklərin daşınma marşrutunun, tutulan şəxslərin vətəndaşlığının, narkoqaçaqmalçılıq hallarının bir neçə dövlətin ərazisini əhatə etməsi və digər hallar bu cinayətlərə qarşı beynəlxalq mübarizənin zəruriliyini şərtləndirmişdir. Sirr deyil ki, Avropa və Asiya qitələrinin qovşağında yerləşən Azərbaycanın coğrafi-strateji mövqeyi onun ərazisindən narkotiklərin tranzit daşınması üçün əlverişli olduğundan, təbii olaraq bu marşrutdan istifadə olunmasına mütəmadi cəhdlər göstərilir. Fəqət onların cəhdlərinin qarşısı qətiyyətlə alınır və alınacaq.
   Qaradağ Rayon Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış “Narkotik vasitələr və psixotrop maddələrdən istifadə təhlükəlidir” mövzusunda narkotikin zərərlərini özündə əks etdirən broşürlər tədbir iştirakçılarına təqdim olundu.
   Tədbir diskussiya şəklində davam etdi. Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər