Vətən Müharibəsi zamanı şəhid olmuş İsmayılzadə Səməndər Vahid oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
30 oktyabr 2025-ci il tarixdə, Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən biri İsmayılzadə Səməndər Vahid oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti aparatının vəzifəli şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuş və vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra ehsan süfrəsində iştirak edilərək ailə üzvlərinə başsağlığı verilmişdir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimiz daim qəlbimizdə yaşayacaq. Onların göstərdiyi igidlik və fədakarlıq xalqımız üçün əbədi qürur mənbəyidir.
Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət,
ailələrinə isə səbr və dözüm arzulayırıq.






