“Erkən nikahlar və onların fəsadları” mövzusunda dəyirmi masa
28 oktyabr 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Erkən nikahlar və onların fəsadları” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Eiçin Abbasov, Qaradağ rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Ramil Hacıyev, Qaradağ rayon Qeydiyyat Şöbəsinin müdir əvəzi Nurlana Rəşidova, həkim-ginekoloq Arzu Şirinova, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov, məktəb psixoloqları və müəllimlər iştirak edirdi.
Dəyirmi masanı giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova mövzunun aktuallığı barədə ətraflı məlumat verərək qeyd etdi ki, erkən yaşda olan şəxslər ailə qurmağa fizioloji, psixoloji, sosioloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.
Tədbirə dəvət olunmuş qonaqlar çıxış edərək erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılmasının kifayət olmadığı bildirdilər. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlərin, din xadimlərinin və valideynlərin cəlb edilməsinin, bu haqda insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyi qeyd olundu.
Tədbirin sonunda mövzu ilə bağlı suallara ətraflı cavablar verildi.