Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Cavanşir Əhmədovun anım mərasimi keçirilib
Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, şəhidin ailə üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasim iştirakçıları rayonun Ələt qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Əhmədov Cavanşir Xeyrulla oğlunun məzarı önünə gül dəstələri qoyuldu.
2020-ci ilin sentyabr ayından Cavanşir Əhmədov Vətən müharibəsində döyüşlərdə fəal iştirak edib, bir sıra qəhrəmanlıq nümunələri göstərib.
Murovdağ zirvəsinin, Cəbrayıl və Zəngilan rayonlarının, həmçinin Hadrut qəsəbəsinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. C.Əhmədov oktyabrın 15-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Cavanşir Əhmədov oktyabrın 15-də Ələt qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Bildirilib ki, Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri, o cümlədən şəhid Cavanşir Əhmədov və onun döyüş yoldaşları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində böyük şücaət göstərərək tarixi Qələbə qazanmaqla bizi 30 illik həsrətdən sonra əzəli torpaqlarımıza qovuşdurdular. Məhz onların qəhrəmanlığı, döyüş əzmi, mərdliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olunub.
Vətən müharibəsində Azərbaycan istər döyüş meydanında, istərsə də diplomatiya sahəsində öz sözünü deyib və düşməni məğlub edərək kapitulyasiya aktını imzalamağa məcbur edib.
Eyni zamanda qeyd edilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti və tapşırığı sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar. Məhz bu gün ölkə rəhbərliyi tərəfindən aparılan sosial siyasət şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir.
Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və əbədi yaddaşımızda yaşayacaqlar.