Ələt qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir
09 avqust 2022-ci il tarixində Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edirdi.
Keçirilmiş səyyar qəbulda 130-dan çox qəsəbə sakinləri iştirak edib.
Qəsəbə sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərini salamlayaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən, ölkə əhalisinin qaldırdıqları problemlər, sakinləri narahat edən sosial məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rahatlığı və sosial vəziyyətin yaxşılaşdırılması dayanır.
Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərinə öz təşəkkürlərini bildiriblər.
Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Respublika Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmişlər. Qəsəbə sakinlərindən 12 nəfəri fərdi qaydada dinlənilmişdir.
Sakinləri narahat edən problemlər dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Görüşün yekununda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Qaradağ rayonun əhalisi sürətlə artır və buna müvafiq olaraq müəyyən tələbatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn tələbatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.
Qəbulda iştirak edən qəsəbə sakinləri Ölkə başçısının onlara olan diqqət və qayğısına görə öz minnətdarlıqlarını bildirmişlər.