Ələt qəsəbəsi ərazisində aşkarlanmış qanunsuz tikililərlə bağlı dərhal qanunamüvafiq tədbirlər görülmüşdür
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və Nazirlər Kabinetinin 2022-ci il 1 iyun tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində qanunsuz tikintilərin qarşısının alınması və şəhərsalma qanunvericiliyinə əməl olunması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir.
Aparılmış növbəti nəzarət tədbirləri zamanı Ələt qəsəbəsinin Kötəl yaşayış massivində vətəndaş Zamil Məmmədova, Ələt qəsəbəsinin Salyan yolu küçəsində vətəndaş Vəzir İsmayılova, 3-cü yaşayış massivində vətəndaş Mehrab Əsədova və qəsəbənin digər ünvanlarında ayrı-ayrı şəxslər tərəfindən qanunsuz şəkildə zəbt olunmuş torpaq sahələrində şəhərsalma sənədləri və müvafiq icazə olmadan tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Aşkarlanmış qanunsuz tikililərlə bağlı dərhal qanunamüvafiq tədbirlər görülmüş, tikinti işləri dayandırılmış və müəyyən edilmiş obyektlər üzrə söküntü işlərinə başlanılmışdır.
2025-ci ilin 6 may tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin aidiyyəti qurumlarının iştirakı ilə Ələt qəsəbəsində növbəti söküntü tədbirləri həyata keçirilmiş, qanunsuz tikililər tam şəkildə sökülmüş və torpaq sahələri ilkin vəziyyətə gətirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti bir daha əhaliyə xəbərdarlıq edir ki, şəhərsalma və tikinti fəaliyyəti yalnız qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun şəkildə, müvafiq icazələr əsasında həyata keçirilməlidir. Qanunsuz tikintilərə qarşı nəzarət tədbirləri sistemli şəkildə davam etdiriləcək və aşkar edilən bütün hallarla bağlı sərt tədbirlər görüləcəkdir.