Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri” mövzusunda dəyirmi masa keçirildi

29 noyabr 2023 | 17:02

29 noyabr 2023-cü il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları rayonun ictimaiyyət nümayəndələri və gənclər iştirak edirdi.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Nuru İmanov milli-mənəvi və islami dəyərlərdən söhbət açmaqla yanaşı qeyd etdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənmiş, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarı olduğu xüsusi qeyd edilməlidir. Onun böyük tarixə malik dini məbədlərimizin
bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər
həyata keçirməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib
hissəsidir. Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid
və ziyarətgahlarla yanaşı, xristian və yəhudi məbədlərinin tikintisi və
bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir.

 Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Firidun Hüseynov dövlət-din münasibətlərindən danışaraq ilk növbədə Azərbaycanda milli, dini dəyərlərə dövlətin yüksək diqqət və qayğısını qeyd etdi. O, bu gün ölkədə 2200-dən çox məscidlə yanaşı xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin fəaliyyət göstərdiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında bütün dünyaya nümunə olacaq ölkə olduğunu söylədi. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən bu siyasət ölkəmizi dünyada dinlərarası dialoqun və
tolerant dəyərlərin mövcud olduğu məkan kimi tanıtmışdır.

         Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov dəyirmi masanın mövzusunun “Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri” seçilməsinin səbəblərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq dövlətimizin milli adət-ənənələrimizə, dini dəyərlərimizə sahib çıxmasından və onlardan gənc nəslin düzgün faydalanması üçün aparılan dövlət gənclər siyasətindən danışdı.

         Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər